2022/23 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Sumqayıt” növbəti transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, sözügedən klub Kabo-Verde millisinin müdafiəçisi Stiven Pereyranı heyətinə cəlb edib.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son olaraq Cənubi Afrika Respublikasının “Maritzburq Yunayted” klubunda çıxış etmiş futbolçu ilə 2+1 illik müqavilə imzalanıb.
28 yaşlı müdafiəçi yeni komandasında “5” nömrəli formada çıxış edəcək.
Niderland futbolunun yetirməsi olan Stiven Peretra adıçəkilən ölkədə “Zvolle”, “Maastrixt” kimi klublarda çıxış edib. Pereyra karyerası boyunca bu klublarla yanaşı Bolqarıstanın ÇSKA (Sofiya), Portuqaliyanın “Santa Klara”, “Akademiko Viseu” və “Oliveyrense” klublarının da uğurları üçün çalışıb.
Stiven Pereyra Kabo-Verde millisinin heyətində 10 oyunda iştirak edib.
Qeyd edək ki, Stiven Pereyra Azərbaycan klubunun tarixinə ilk legioner futbolçu kimi düşüb. Buna qədər “Sumqayıt”da əcnəbi futbolçular milliləşdirilərək, Azərbaycan pasportu ilə çıxış edirdi. Pereyra isə bu komandanın ilk legioner futbolçusu kimi tarixə düşüb.
Xatırladaq ki, “Sumqayıt” bundan öncə yalnız Vüsal İsgəndərlini transfer etmişdi. Vurğun Hüseynov və Vüqar Mustafayevlə yollarını ayıran klub, Tellur Mütəllimov, Anatoli Nuriyev, Rəhim Sadıxov, Tərlan Əhmədli, Eltun Turabov və Dmitri Nağıyevlə də yollarını ayırıb.


