Futbol üzrə Azərbaycan Premyer Liqasının 13-cü turunda “Neftçi” ilə görüşən “Sumqayıt” 2:1 hesablı səfər qələbəsinə sevinib.
Arena.az xəbər verir ki, bununla da Samir Abasovun yetirmələri cari – 2023/2024 mövsümündə qazandığı xallarının sayını 21-ə çatdırıb.
Bu, “gənclik şəhəri” təmsilçisinin qış fasiləsinə qədər olan dövr üçün mütləq rekordudur. Sumqayıtın eyniadlı klubu heç vaxt fasiləyə qədər bu qədər xal toplamamışdı.
Premyer Liqada 2011/2012 mövsümündə debüt edən “Sumqayıt” qışa qədər 14, hətta 18 oyun keçirdiyi vaxtlarda da az xal yığıb. Bunadək rekord 20 xala bərabər idi. Komandanın aktivində 2012/2013 mövsümündə 18, 2017/2018 mövsümündə isə 14 matçdan sonra 20 xal olub.
Qeyd edək ki, qış fasiləsinə qədər olan 5 turda sumqayıtlılar bu rekordu yeniləmək imkanına da malikdir.


