Super Liqa UEFA-ya qarşı 3,5 milyard avroluq iddia hazırlayır

Avropa Super Liqası Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) qarşı 3,5 milyard avro məbləğində təzminat iddiası hazırlayır.

Arena.az bu barəd AS dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Super Liqa rəhbərliyi layihənin başlanmasının ləngiməsinin UEFA-nın məhdudiyyətləri və təhdidləri səbəbindən baş verdiyinə və qurumun yarışa ciddi iqtisadi ziyan vurduğuna əmindir. Super Liqa yarışının başlaması üçün “JP Morgan” bankı ilə razılaşdırılmış kreditə görə, ağır maliyyə itkisinə məruz qaldığını hesab edir. Super Liqa həmçinin turnirin televiziya hüququndan əldən çıxmış gəlirlərə görə UEFA-dan təzminat tələb etməyi planlaşdırır.

Maliyyə iddiaları ilə yanaşı, Super Liqa hesab edir ki, UEFA, təşkilatı Avropa futbolunda inhisarçı mövqeyindən sui-istifadə etməkdə ittiham edən Avropa Məhkəməsinin yekun qərarını tam yerinə yetirməyib.

Hazırda Super Liqa gerçək yarışını təşkili istiqamətində təşkilati işlərlə məşğuldur. Hesabata görə, bu məzmunda danışıqlar aparılmış 50 klubdan 20-si Super Liqanın lehinə çıxış ediblər.

Hadisələrin inkişafı gözlənilir.