İngiltərənin “Nottingem Forest” klubu “Ridinq”də forma geyinən gənc mərkəz müdafiəçisi Tayler Bindon ilə güclənib.
Arena.az bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir.
“Meşəçilər”in bu transfer üçün “Ridinq”ə nə qədər ödəniş etdikləri açıqlanmır. 20 yaşlı futbolçu ilə imzalanmış müqavilə 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulub. Amma Bindon “Nottingem Forest”ə 2025-ci ilin yayında qoşulacaq. Həmin vaxta kimi o, icarə əsasında “Ridinq”də oynamağa davam edəcək.
Tayler Bindon Yeni Zelandiyada dünyaya göz açsa da, ABŞ vətəndaşlığı da var. Bu üzdən də o, futbola “İst Kost Beys”də başlasa da, sonradan “Los Anceles”də çıxış etməyə başlayıb. 2023-cü ildə isə “Ridinq” azad agent kimi onu öz heyətinə qatmışdı.
Bindon 19 yaşlılardan ibarət ABŞ yığmasında oynasa da, 2023-cü ilin oktyabrında Yeni Zelandiya millisində debüt edib. O, bu komandanın heyətində 3 oyun keçirib.
“Nottingem Forest” üç futbolçusu ilə də yollarını ayırıb. Belə ki, “meşəçilər”in mərkəz yarımmüdafiəçisi Luis O’Brayen “Suonsi Siti”yə keçib. Sözügedən klub 26 yaşlı ingilis futbolçunu bu mövsümün sonunadək icarəyə götürüb.
Sağ vinger Coş Bouler cari mövsümün qalan hissəsini icarə əsasında “Luton Taun”da keçirəcək. 25 yaşlı ingilis futbolçu da mövsüm bitən kimi “Nottingem Forest”ə qayıdacaq.
Nigeriyalı hücumçu Emmanuel Bonaventure Dennis isə “Bləkbörn”dən aldığı dəvəti qəbul edib. 27 yaşlı forvard da bu mövsümün sonunadək icarədə olacaq.


