Belçika yığma komandasının baş məşqçisi Domeniko Tedesko İtaliya millisi ilə oyunda əzmkar səfər heç-heçəsini şərh edib.
Arena.az məlumat verir ki, “qırmızı şeytanlar” UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun 3-cü turu çərçivəsində İtaliya yığması ilə oyunda 0:2 hesabından geri-dönüş edərək, məğlubiyyətdən qurtulublar.
Matçdan sonra baş tutan mətbuat konfransında Tedesko bunları söyləyib:
“İtaliya yığması oyuna çox güclü başladı. Sürətli qoldan sonra çətin anlar yaşadıq, çünki bu qol onlara inam bağışladı. İtaliya yığması orta xətti həddən artıq yüklədi, biz isə meydanın mərkəzində sayca azlıqda qaldıq, ona görə də çətin idi. Qırmızı vərəqə bizə mütləq surətdə kömək etdi.
Biz daha yaxşı oynadıq, hətta qırmızı vərəqədən əvvəl 4-2-3-1 sxeminə keçmişdik. Oyuna çox da yaxşı başlamamışdıq, sürətli qol buraxana qədər isə kifayət qədər yığcam oynamırdıq. Əlbəttə, De Bröyne, Onana və Lukaku kimi oyunçular oxşar rəqiblərə qarşı oyunlarda böyük kömək ola bilərlər”, – UEFA-nın rəsmi saytı Tedeskodan sitat gətirir.
3 turdan sonra İtaliya yığması UEFA Millətlər Liqasının A Liqasının 2-ci qrupunun yarış cədvəlində 7 xalla 1-ci pillədə qərarlaşıb. Digər komandalar belə sıralanıblar: Fransa – 6 xal, Belçika – 4 xal və xalsız İsrail.


