Teys Dallinqa “Bolonya”ya keçdi, “Tuluza” 15 milyon avro qazandı

Fransanın “Tuluza” klubunun niderlandlı hücumçusu Teys Dallinqa bundan sonra “Bolonya” komandasının uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

A Seriyası təmsilçisi bu transfer üçün Liqa 1 klubuna 15 milyon avro ödəyib. 23 yaşlı forvard yeni klubu ilə 4 illik (2023-cü ilin 30 iyununa qədər) müqavilə bağlayıb.

Teys Dallinqa Niderlandın “Emmen” klubunun yetirməsidir. Hücumçu öz ölkəsində “Qroningen” və “Ekselsior”un da formasını geyinib. “Tuluza”ya 2022-ci ilin iyul ayında “Ekselsior”dan 2 milyon avro qarşılığında keçmiş Dallinqa, Fransa komandasının heyətində 86 oyuna çıxıb, 37 qol vurub, 8 məhsuldar ötürmə müəllifi olub.

Niderlandın U-19 və U-21 yığmalarında oynamış Teys, 2023-cü ildə əsas millidə də debüt edib.

“Tuluza” daha iki futbolçusu ilə yollarını ayırıb. Liqa 1 təmilçisi digər mərkəz hücumçusu Səid Hamuliçi də Polşanın “Vidzev” (Lodz) klubuna icarəyə verib. İcarə müddəti qarşıdakı mövsümün sonuna qədərdir.

Hamuliç daha öncə Niderlandın “Vitess” və Rusiyanın “Lokomotiv” (Moskva) klublarına da icarəyə verilib. Bosniyalı forvard “Tuluza”nın heyətində cəmi 9 oyuna çıxsa da, fərqlənə bilməyib. 23 yaşlı futbolçu “Daynava”, “Stal”, “Suduva” kimi klublarda da forma geyinib, 2023-cü ildə debüt etdiyi Bosniya və Herseqovina yığmasında 6 oyun keçirib.

Fransa klubunun yamaykalı sol vingeri Junior Flemminqs isə “Tuluza”nı birdəfəlik tərk edib. Hazırda azad agent statusu daşıyan 28 yaşlı futbolçunun karyerasını harada davam etdirəcəyi bilinmir. 2022-ci ilin yanvarından “Tuluza”da olan vinger bu komandada cəmi 3 oyuna çıxıb. Bu üzdən o da “Nyor” və “Vozdovaç”da icarədə oynamaq məcburiyyətində qalıb. “Feniks Rayzinq”, “Legion” kimi klubların da şərəfini qorumuş Flemminq, Yamayka yığmasında keçirdiyi 26 oyunda 4 qol vurub.