Tibo Kurtua sıraya döndü – Bu oyunda meydana çıxa bilər

Futbol üzrə Belçika yığma komandasının və İspaniyanın “Real” klubunun qapıçısı Tibo Kurtua zədəsini tamam sağaldıb.

Arena.az Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Karlo Ançelotti məlumat verib.

İtaliyalı mütəxəssis belçikalı oyunçunun La Liqanın 34-cü turunda, “Kadis”lə matçda iştirak edə biləcəyini söyləyib:

“Kurtuada hər şey qaydasındadır. O, gələn həftə bizimlə birgə olacaq və “Kadis”lə oynamağa hazır olacaq”.

Əvəzində hücumçu Rodriqo Qoes və yarımmüdafiəçi Cud Bellingem komandanın bugünkü məşqini buraxıblar. Braziliyalı futbolçu soyuqdəymə, Bellingem mədəsindəki problem səbəbindən məşq etməyiblər. Çox güman ki, hər iki futbolçu qarşıdakı görüşdə oynamayacaq. Lakin onlar UEFA Çempionlar Liqasında “Bayern”lə qarşılaşmaya hazır olacaqlar.

“Real” – “Kadis” matçı mayın 4-də baş tutacaq.

Xatırladaq ki, Kurtua cari mövsümün əvvəlində sol dizinin ön çarpaz bağının yırtığı zədəsini almış, mövsümün böyük hissəsini müalicəsi ilə məşğul olmuşdu. Martın 19-da isə belçikalı qapıçı məşq zamanı menisk yırtığı zədəsi ilə üzləşmiş və cərrahi müdaxiləyə keçməyə məcbur olmuşdu.

Cari mövsümdə belçikalı qapıçı zədə səbəbindən meydana çıxmayıb. Geridə qalmış 2022/2023 mövsümündə isə Tibo “Real”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 49 qol buraxıb, 17 oyunda qapısının toxunulmazlığını təmin edib.

Kurtua “Real”a 2018-ci ilin avqustunda 35 milyon avro müqabilində “Çelsi”dən keçib. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

“Kral klubu”nun heyətində belçikalı qapıçı 2 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 2 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı belçikalı qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: