Tibo Kurtua yenidən sıraya dönəcəyi vaxtı açıqladı

“Real”ın belçikalı qapıçısı Tibo Kurtua martın 19-da aldığı menisk yırtığı zədəsindən sonra məşqə nə vaxt qayıdacağını bildirib.

Arena.az jurnalsit-insayder Fabritsio Romanoya istinadən, belçikalı qapıçının bu barədə məlumatını təqdim eidr:

“Ayın sonunda mən yenidən dəstəmizlə məşq edəcəyəm”, deyə Kurtua bildirib.

Xatırladaq ki, Kurtua cari mövsümün əvvəlində sol dizinin ön çarpaz bağının yırtığı zədəsini almış, mövsümün böyük hissəsini müalicəsi ilə məşğul olmuşdu. Martın 19-da isə belçikalı qapıçı məşq zamanı məlum zədə ilə üzləşmiş və cərrahi müdaxiləyə keçməyə məcbur olmuşdu. İlk ehtimallara əsasən, Kurtuanın daha iki ay futbolsuz qalmalı olacağı təxmin edilirdi.

Kurtua “Real”a 2018-ci ilin avqustunda 35 milyon avro müqabilində “Çelsi”dən keçib. Kurtuanın “Real”la müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə belçikalı qapıçı zədə səbəbindən meydana çıxmayıb. Geridə qalmış 2022/2023 mövsümündə isə Tibo Kurtua “Real”ın heyətində bütün yarışlarda 49 oyuna çıxıb, 49 qol buraxıb, 17 oyunda qapısının toxunulmazlığını təmin edib.

“Kral klubu”nun heyətində belçikalı qapıçı 2 dəfə İspaniya çempionluğunu, 1 dəfə İspaniya Kral Kubokunu, 2 dəfə İspaniya Super Kubokunu, 1 dəfə Çempionlar Liqasını, 1 dəfə UEFA Super Kubokunu, 2 dəfə FIFA Klub Dünya Kubokunu qazanıb.

Kurtua 2011-ci ildə debüt etdiyi Belçika yığmasının heyətində 102 oyun keçirib, 79 qol “yeyib”, 51 oyundan “quru” çıxıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı belçikalı qapıçının transfer dəyərini 35 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: