Tino Kadevere və Beni Traore “Nant”da! – Rəsmi

Lion “Olimpik”inin hücumçusu Tino Kadevere və “Şeffild Yunayted”in forvardı Beni Traore bundan sonra “Nant”ın uğurları üçün çalışacaqlar.

Arena.az xəbər verir ki, bu barədə Fransa klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Hər iki futbolçu bu mövsümün sonuna – 2024-cü ilin 30 iyununa kimi satınalma şərti ilə icarəyə götürülüb. 21 yaşlı Traorenin “Şeffild Yunayted”lə 2027-ci ilin 30 iyununa kimi müqaviləsi var. 27 yaşlı Kadeverenin Lion “Olimpik”i ilə mövcud sözləşməsinin müddəti isə 2025-ci ilin yayında bitəcək.

Beni Traore peşəkar karyerasına İsveçin “Hakken” klubunda başlayıb. O, İngiltərə Premyer Liqasında mübarizə aparan “Şeffild Yunayted”ə 2023-cü ilin iyul ayında 4,6 milyon avro qarşılığında keçmişdi. Gənc forvard bu komandada cəmi 9 oyun keçirib və məhsuldar fəaliyyəti ilə yadda qalmayıb. Traore ötən ildən 23 yaşadək futbolçulardan ibarət Fil Dişi Sahili yığmasına dəvət alsa da, əsas millidə debüt şansı qazanmayıb.

Tino Kadevere isə karyerasına Zimbabvenin “Harare Siti” klubunda başlayıb. Daha sonra İsveçin “Yurqorden” klubuna keçən hücumçu burada özünü yaxşı tərədfdən göstərdiyi üçün Fransanın “Havr” komandasının sıralarına cəlb olunub. 2020-ci ildə zimbabveli hücumçu Lion “Olimpik”i tərəfindən transfer edilib. Kadevere əvvəlki mövsümlərdə “Havr” və “Malyorka”da da icarədə olub. O, Lion “Olimpik”ində 64 oyun keçirib, 11 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Tino 2015-ci ilin iyun ayında debüt etdiyi Zimbabve yığmasında da 19 oyun keçirib. O, bu oyunlarda 3 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: