Tokio-2020: Əliyev finalda, Stadniklə Şərifov üçün “bürünc” şans

Tokio-2020 Yay Olimpiya Oyunlarında güləş üzrə yarışlar davam edir. Arena.az xəbər verir ki, bu gün Azərbaycanın daha üç güləşçisi Olimpiadada qüvvəsini sınayıb.

50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçimiz Mariya Stadnik 1/8 finalda rusiyalı Stalvira Orşuşla üz-üzə gəlib və rəqibinə 9:7 hesabı ilə qalib gəlib. O, 1/4 finalda Tunis təmsilçisi Sarra Hamdi ilə qarşılaşmadan da 10:0 hesabı ilə qalib ayrılıb. Lakin yarımfinalda yaponiyalı Yui Susakinin müqavimətini qırmaq mümkün olmayıb. Birinci hissədə Stadnik xəbərdarlıq xalı ilə geri düşüb. İkinci yarıda rəqibinə daha 10 xal verən güləşçi vaxtından əvvəl məğlubiyyətlə üzləşib. O, sabah bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq.

Azərbaycanın sərbəst güləşçisi Şərif Şərifov (97 kq) 1/8 finalda Rusiya Olimpiya Komitəsinin təmsilçisi Abdulrəşid Sadullayevlə üz-üzə gəlib. Güləşçimiz bu rəqibinə 0:5 hesabı ilə uduzub. Sadullayev finala yüksəldiyi üçün, Şərifov sabah təsəlliverici görüşə qatılacaq. Təcrübəli güləşçi təsəlliverici görüşdə Elizbar Odikadze (Gürcüstan) ilə münasibətlərə aydınlıq gətirəcək. Pəhləvan qalib gəlsə, bürünc medal uğrunda kubalı Reyneris Salas Pereslə görüşəcək.

Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev (65 kq) 1/8 finalda seneqallı Adama Diatta ilə üz-üzə gəlib. Rəqibinə 4:0 hesabı ilə qalib gələn Əliyev 1/4 finala vəsiqə qazanıb. O, bu raundda qazaxıstanlı Daulet Niyazbekovla güləşib və rəqibinə 9:1 hesabı ilə qalib gəlib. Əliyev yarımfinalda hindistanlı Bacranq Puniya ilə dueldən də qalib ayrılıb. 30 yaşlı idmançı 12:5 hesablı qələbə sayəsində finala vəsiqə qazanıb. Hacı Əliyev bununla ən azı gümüş medalı təmin edib. O, qızıl medal uğrunda qarşılaşmada yaponiyalı Takuto Otoquro ilə qarşılaşacaq. Medal görüşləri sabah gerçəkləşəcək.

Tokio-2020 Yay Olimpiya Oyunları avqustun 8-nə qədər davam edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: