Slovakiya millisinin hücumameyilli yarımmüdafiəçisi Tomaş Suslov Niderlandın “Qroningen” klubundan ayrılaraq birdəfəlik “Verona”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə İtaliya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
A Seriyası təmsilçisi 21 yaşlı futbolçunu bu mövsümün əvvəlində satınalma şərti ilə icarəyə götürmüşdü. “Verona” bu qış fasiləsində 1 milyon avro qarşılığında onu birdəfəlik heyətinə qatıb. Suslovla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb.
Tomaş Suslov peşəkar karyerasına “Qroningen”də başlayıb. O, Niderland klubunun heyətində 96 oyuna 5 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Suslov mövsümün geridə qalmış hissəsində “Verona”nın heyətində 19 oyuna çıxıb. O, bu oyunlarda 1 qol və 3 assist müəlifi olub.
Slovakiyanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında oynamış Suslov, 2020-ci ildən əsas millidə çıxış edir. O, milli komandanın heyətində 25 oyuna çıxıb, 2 qol vurub.
“Verona”da 3 ayrılıq
“Verona” 3 futbolçusu ilə də yollarını ayırıb. Argentinalı mərkəz müdafiəçisi Bruno Amione Meksikanın “Santos Laguna” klubuna satılıb. İtaliya klubu 22 yaşlı futbolçunun satışından 3 milyon avro qazanıb.
Bruno Amione “Belqrano”nun yetirməsidir. Argentinalı futbolçu 2020-ci ildən formasını geyindiyi “Verona”da cəmi 16 oyuna çıxıb. O, bu müddətdə “Sampdoriya” və “Recina”da icarədə də olub. Amione Argentinanın U-16, U-17 və U-23 yığmalarında da forma geyinib.
“Verona”nın sağ cinah vingeri Jordi Mbula da azad agent kimi İspaniyanın “Rasinq Santander” klubuna keçib. 24 yaşlı ispan futbolçu yeni klubu ilə mövsümün sonuna kimi anlaşıb.
“Barselona”nın yetirməsi olan Mbula, “Monako”, “Serkl Brügge”, “Hueska”, “Malyorka”, “Eştoril” kimi klubların da formasını geyinib. O, bu mövsümün əvvəlində müqavilə bağladığı “Verona”nın heyətində 13 oyuna 1 qol və 1 assistlə yadda qalıb. O, İspaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.
“Verona” hücumameyilli yarımmüdafiəçisi Aydin Hrustiçi də Niderlandın “Herakles Almelo” klubuna icarəyə verib. O, bu mövsümün sonuna kimi icarədə olacaq. Müqavilədə satınalma şərti yoxdur. Futbolçunun “Verona” ilə 2026-cı ilin yayına kimi müqaviləsi var.
2022-ci ildən “Verona”da olan Hrustiç, bu komandada cəmi 7 matça çıxıb. “Qroningen”in yetirməsi olan futbolçu daha öncə “Ayntraxt” (Frankfurt) klubunda da çıxış edib. Yarımmüdafiəçi Avstraliya yığmasında da forma geyinir. O, 2017-ci ildə debüt etdiyi millinin heyətində 24 oyuna çıxıb, 3 qola imza atıb.