İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ-2026-nın 1/16 finalında Konqo Demokratik Respublikasına qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, bu görüşdə 2:1 hesablı əzmkar qələbəyə sevinmiş Avropa təmsilçisi 1/8 finala yüksəlib.
İngiltərə millisini növbəti mərhələyə daşımış Tomas Tuxel komandasının çətin oyunda xarakter nümayiş etdirdiyini vurğulayıb. Almaniyalı mütəxəssis bildirib ki, erkən buraxılan qol komandanı sarsıtsa da, futbolçular sona qədər qələbəyə inanmağı bacarıblar:
“Qələbəyə sonadək inanırdıq. Matça təsəvvür ediləcək ən pis şəkildə başladıq. Rəqib ilk zərbəsində qol vurdu və vəziyyət daha da çətinləşdi. Amma ilk su fasiləsindən sonra oyuna tam nəzarət etdik. Düşünürəm ki, hakim epizodların birində bizim xeyrimizə penalti təyin etməli idi. Sonradan meydana daxil olan futbolçular da maksimum səy göstərdilər və nəticədə layiqli qələbə qazandıq. Bunun üçün isə xeyli əziyyət çəkməli olduq”.
Tomas Tuxel pley-off oyunlarında psixoloji hazırlığın xüsusi əhəmiyyət daşıdığını da vurğulayıb:
“Belə matçlarda səbirli olmaq və qələbəyə inanmaq vacibdir. Rəqibin qapıçısı Lionel Mpasi-Nzau inanılmaz oyun keçirdi. Onun etdiyi seyvlər həqiqətən yüksək səviyyədə idi”.
Konqo Demokratik Respublikası millisinin baş məşqçisi Sebastyen Desabr isə məğlubiyyətə baxmayaraq, futbolçularının çıxışından razı qaldığını bildirib.
Fransalı çalışdırıcı hesab edir ki, oyunun taleyini İngiltərə millisinin lideri Harri Keynin ustalığı həll edib:
“Məyusuq, çünki bu oyunda uğur qazana biləcəyimizə inanırdıq. Yaxşı mübarizə apardıq. Oyunun sonlarında iki epizoda imkan verdik və dünyanın ən yaxşı futbolçularından biri olan Harri Keyn bunlardan istifadə etdi. Təəssüf ki, nəticə belə oldu”.
Desabr bu mundialın Konqo futbolu üçün mühüm təcrübə olduğunu da qeyd edib:
“Futbolçularımızı təbrik etməliyik. Onlar dünya səviyyəli rəqiblərə qarşı oynayaraq çox dəyərli təcrübə qazandılar. Ola bilsin ki, bu gün bizə bir qədər təcrübə çatmadı. Futbolun təbiəti də budur. Öyrənməyə və inkişaf etməyə davam edəcəyik”.


