İtaliyanın “Empoli” klubunun hücumameyilli yarımmüdafiəçisi Tommazo Baldansi bundan sonra “Roma”nın uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə A Seriyası təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
“Canavarlar” 20 yaşlı italyan futbolçunu 10 milyon avro qarşılığında heyətə qatıblar. Gələcək vəd edən oyunçulardan hesab olunan pleymeykerlə müddəti 2028-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. O, yeni komandasında 35 nömrəli formanı geyinəcək.
Tommazo Baldansi “Empoli”nin yetirməsidir. O, 2021-ci ildən bu klubun əsas komandasında forma geyinirdi. Yarımmüdafiəçi bu müddətdə meydana çıxdığı 44 oyundan 6 qolla ayrılıb.
U-17, U-18, U-19 və U-20-də də oynamış Baldansi ötən ilin mart ayından İtaliyanın U-21 yığmasının formasını geyinir.
Kumbulla, Darboe və Belotti “Roma”dan ayrı düşdülər
“Roma” üç futbolçusunu da icarəyə göndərib. Müdafiəçi Maraş Kumbulla “Sassuolo”ya, dayaq yarımmüdafiəçisi Ebrima Darboe “Sampdoriya”ya, hücumçu Andrea Belotti isə “Fiorentina”ya icarəyə verilib. Onların hər üçü bu mövsümün sonuna kimi icarədə olacaq və satınalma şərti nəzərdə tutulmayıb. Belotti və Kumbullanın “canavarlar”la 2025-ci, Darboenin isə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.
“Verona”nın yetirməsi olan Maraş Kumbulla 2020-ci ildən “Roma”da çıxış edir. 23 yaşlı mərkəz müdafiəçisi paytaxt klubunun heyətində meydana çıxdığı 68 oyunda 4 qol da vurub. 2019-cu ildən Albaniya yığmasında forma geyinən Kumbulla millidə də 18 oyun keçirib.
Ebrima Darboe “Roma”nın öz yetirməsidir. O, daha öncə LASK-da da icarədə olub. 22 yaşlı qambiyalı yarımmüdafiəçi “canavarlar”ın əsas komandasında 11 oyuna çıxıb, 1 məhsuldar ötürmə ilə yadda qalıb. O, 2021-ci ildə debüt etdiyi Qambiya milli komandasında da 13 oyuna çıxıb.
Andrea Belotti isə “Roma”ya 2022-ci ilin avqustunda “Torino”dan azad agent kimi keçmişdi. 30 yaşlı italyan forvard bu komandada 68 oyuna 10 qol vurub, 4 assistlə yadda qalıb. O, daha öncə “Torino”, “Palermo” və “Albinoleffe”də də oynayıb. Belotti İtaliya milli komandasında da 44 oyuna çıxıb, 12 qola imza atıb.
“Fiorentina” da Amatuççini icarəyə göndərdi
Yeri gəlmişkən, Belottini heyətinə qatan “Fiorentina” italyan dayaq yarımmüdafiəçisi Lorentso Amatuççini “Ternana”ya icarəyə verib. İcarə müqaviləsi cari ilin iyun ayının sonuna qədər razılaşdırılıb.
Amatuççi “Fiorentina”nın yetirməsidir. Sözügedən keçid italyan yarımmüdafiəçinin karyerasında ilk transferidir. Cari mövsümün ilk yarısında Amatuççi “Fiorentina”nın heyətində bütün yarışlarda 2 oyuna çıxıb.
Amatuççi İtaliyanın U-18, U-19 və U-20 komandalarına cəlb edilib, əsas yığmaya isə dəvət almayıb. Amatuççi “skuadra adzurra”nın U-19 yığması ilə 2023-cü il U-19 Avropa çempionatının qalibi olub.


