AÇ-2024-ün açılış oyununda Şotlandiya yığması ilə oyun (5:1) Almaniya yığmasının mərkəz yarımmüdafiəçisi Toni Kroos üçün əlamətdar olub.
Arena.az “Opta” statistik internet-portalına istinadən məlumat verir ki, bu oyunda Kroos 102 ötürmə verib və bu ötürmələrin 101-i dəqiqliklə ünvanına çatıb.
Beləliklə, Kroos 1980-ci ildən bəri Avropa çempionatlarında 100-də artıq ötürmə vermiş oyunçular arasında ən yüksək dəqiqlik nümayiş etdirməklə mütləq rekorda imza atıb.
Ümumilikdə bu oyunda Almaniya yığması 745 (687 dəqiq ötürmə), Şotlandiya yığması isə 276 (202 dəqiq ötürmə) ötürmə verib.
Xatırladaq ki, daha əvvəl Toni Kroos vətəni Almaniyada keçirilən Avropa çempionatından sonra peşəkar futbolçu karyerasını başa vuracağını açıqlayıb.
2020-ci il Avropa çempionatından dərhal sonra bundestimi tərk etmiş Kross, 2024-cü il Avropa çempionatında yığmaya köməyini təklif edib və yenidən bundestimin düşərgəsinə qayıdıb.
Toni Kroos Rostok “Hanza”sının yetirməsidir. Alman yarımmüdafiəçi əvvəllər “Bayer” və “Bayern”də çıxış edib və artıq, 2014-cü ilin iyulunda 25 milyon avro müqabilində “Bayern”dən keçdiyi “Real”da çıxışını başa vurduğunu elan edib. Alman yarımmüdafiəçinin “Kral klubu” ilə müqaviləsi cari mövsümün – iyun ayının sonunda rəsmən başa çatacaq.
2023/2024-cü illər mövsümündə Kroos “qaymaqlılar”ın heyətində 48 oyuna 1 qol vurub, 10 məhsuldar ötürmə ilə fərqlənib. Toninin İspaniya nəhənginin heyətində ümumi statistikası da sanballıdır: 465 oyun, 28 qol, 99 məhsuldar ötürmə.
Toni Kroos “Real”la bütün mümkün ali klub turnirlərində dəfələrlə qalib olub. Alman futbolçunun xəzinəsində “qaymaqlılar”la 4 İspaniya çempionluğu, 1 İspaniya Kral Kuboku, 4 İspaniya Super Kuboku, 5 UEFA Çempionlar Liqası, 4 UEFA Super Kuboku, 5 FIFA Klub Dünya Kuboku var.
Kroos 2010-cu ilin martında debüt etdiyi Almaniya yığmasının heyətində 110 oyuna 17 qol vurub, 21 məhsuldar ötürmə verib. Toni bundestimlə DÇ-2010-da və AÇ-2012-də bürünc medal qazanıb, DÇ-2014-də isə mundialın qalibi olub. Kroos yığma komandada çıxışına 2021-ci ildə xitam verib.
“Transfermarkt” internet-portalı 34 yaşlı alman yarımmüdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.


