Futbol üzrə Belçika milli komandasının sol cinah vingeri Torqan Hazard Almaniyanın “Borussiya” (Dortmund) klubundan ayrılıb.
Arena.az xəbər verir ki, 30 yaşlı futbolçu Belçika nəhəngi “Anderlext”ə keçib.
Yeni klubu onun transferi üçün Almaniya təmsilçisinə 4 milyon avro ödəyib. Təcrübəli futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Torqan Hazard Dortmund klubuna 2019-cu ilin iyulunda Mönhenqladbah “Borussiya”sından 25,5 milyon avro müqabilində keçmişdi. O, bu komandada 123 oyuna 18 qol, 21 məhsuldar ötürmə müəllifi olub. Belçikalı futbolçu “Borussiya”lardan başqa “Sulte Varegem”, “Lans” və PSV-də də forma geyinib. O, Belçika milli komandasında da 47 oyun keçirib, 9 qola imza atıb.
Yeri gəlmişkən, “Anderlext” Fransanın “Nitsa” klubundan ayrılan qapıçı Kasper Şmeyxeli də heyətinə qatıb. 36 yaşlı danimarkalı ilə 1+1 illik müqavilə imzalanıb.
Kasper Şmeyxel ötən ildən formasını geyindiyi “Nitsa”da 46 oyun keçirib, 47 qol buraxıb. Onun hesabında 13 “quru” matç da var. Təcrübəli qolkiper “Lester Siti”, “Notts Kaunti”, ,”Lids”, “Beri”, “Kardiff Siti”, “Mançester Siti”, “Falkirk”, “Koventri Siti”, “Darlinqton” kimi klubların da formasını geyinib. Şmeyxel Danimarka yığmasında 91 matça çıxıb.
“Nitsa” İngiltərə yığmasının yarımmüdafiəçisi Ross Barkli ilə də yollarını ayırıb. 29 yaşlı futbolçu azad agent kimi İngiltərə Premyer Liqasının yeni iştirakçısı “Luton Taun”a keçib. O, “Nitsa”da 28 oyuna 4 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Barkli “Everton”, “Çelsi”, “Aston Villa”, “Şeffild Uensdey” kimi klubların da formasını geyinib, İngiltərə millisində 33 oyuna 6 qol vurub.
“Nitsa” heyətinə iki yeni futbolçu da cəlb edib. Fransa klubu “Sauthempton”dan sol cinah müdafiəçisi Romen Perronu icarəyə götürüb. Liqa 1 təmsilçisi 25 yaşlı fransızı bu mövsümün sonuna kimi satınalma şərti ilə heyətinə qatıb.
Perro məhz “Nitsa”nın yetirməsidir. O, “Paris” və “Brest”də də forma geyinib, Fransanın aşağı yaş qrupları üzrə yığmalarında oynayıb.
“Lozanna Sport”un seneqallı hücumçusu Aliu Balde də “Nitsa”ya keçib. Fransa klubu onun transferi üçün 2,5 milyon avro ödəyib. 20 yaşlı sol cinah vingeri ilə 5 illik müqavilə imzalanıb.


