“Traktor” Asiya Çempionlar Liqasına darmadağınla başladı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2024/2025 mövsümündə ilk matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz təmsilçisi ilk oyununda Qətərin “Əl-Vakra” klubu ilə qarşılaşıb.

“Traktorçular” bu oyundan 3:0 hesablı möhtəşəm qələbə ilə ayrılıblar. Qalib komandanın qollarını Tomislav Ştrkal (13-cü dəqiqə), Mehdi Torabi (16) və Əmirhüseyn Hüseynzadə vurublar.

Xatırladaq ki, “Traktor” İran çempionatında da yeni mövsümə uğurlu başlayıb. İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv 4 oyuna topladığı 7 xalla 16 iştirakçı arasında 2-ci pillədə qərarlaşıb.

Təbriz klubu çempionatdakı növbəti matçını sentyabrın 22-də səfərdə “Xeybar Xorramabad”a qarşı keçirəcək.