“Traktor” Asiya Çempionlar Liqasında ikinci qələbəsini qazandı

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” Asiya Çempionlar Liqasının 2024/25 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz təmsilçisi 3-cü tur çərçivəsində Tacikistanın “Ravşan” klubu ilə qarşılaşıb.

“Traktorçular” bu oyundan 3:1 hesablı qələbə ilə ayrılıblar. Qalib komandanın qollarını Əmirhüseyn Hüseynzadə (26 və 32-ci dəqiqələrdə) və Tomislav Ştrkal (80-ci dəqiqə) vurublar. Meydan sahiblərinin gücü isə 90+2-ci dəqiqədə vurduqları təsəlli qoluna çatıb.

Təbriz klubu yer aldığı A qrupunda 2 oyuna topladığı 6 xalla 1-cidir. Cənubi Azərbaycan nəhənginin bir oyunu da rəqibin İrana gəlməməsi səbəbindən baş tutmayıb. Növbəti matç noyabrın 6-da yenə “Ravşan”a qarşı olacaq. Amma ikinci oyun Təbrizdə keçiriləcək.

Xatırladaq ki, “Traktor” İran çempionatında da yeni mövsümə uğurlu başlayıb. İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv 7 oyuna topladığı 13 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Təbriz klubu çempionatdakı növbəti matçını oktyabrın 27-də evdə “Aliminium Arak”a qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: