“Traktor” “Havadar”a 4 qolla qalib gəldi

Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, Təbriz klubu 20-ci tur çərçivəsində “Havadar”la qarşılaşıb.

İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu matçdan qələbə ilə ayrılıblar – 4:2. Meydan sahiblərinin heyətində Qustavo (6) və Miloş Deletiç (58) hərəyə bir dəfə fərqləniblər. Rəhman Cəfəri isə (53, 73) dubla imza atıb. Qonaqların gücü yalnız 80 və 90-cı dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa yetib.

Bu mövsüm keçirdiyi 19 oyundan 11-də qalib gəlmiş komanda 2 oyunda heç-heçə edib, 6 görüşdə də məğlubiyyətə üzülüb. Ehtiyatda təxirə salınmış bir oyunu da olan təbrizlilər hazırda 35 xalla 16 iştirakçı arasında 3-cü pillədə qərarlaşıblar.

“Traktor” növbəti matçını martın 17-də səfərdə “Şəms Azər Qəzvin” komandasına qarşı keçirəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: