Cənubi Azərbaycanın ən məşhur futbol komandası olan “Traktor” İran çempionatının 2023/2024 mövsümündə növbəti matçına çıxıb.
Arena.az xəbər verir ki, Təbriz klubu bu gün 27-ci tur çərçivəsində “Gol Gohar”la qarşılaşıb.
İspaniyalı Pako Xemesin çalışdırdığı kollektiv bu rəqiblə doğma meydanda üz-üzə gəlib. “Traktorçular” bu matçın yekununda inamlı qələbəyə seviniblər – 2:0. 31-ci dəqiqədə Qustavo qonaqları meydanın mərkəzinə dəvət edib. 45-ci dəqiqədə isə Rəhman Cəfəri penaltidən dəqiq yararlanmaqla matçın yekun nəticəsini müəyyənləşdirib.
Bu mövsüm keçirdiyi 27 oyunda 14 qələbə qazanmış “Traktor” 5 heç-heçə edib, 8 görüşdə də məğlubiyyətə üzülüb. Təbrizlilər hazırda 47 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıblar.
Cənubi Azərbaycan təmsilçisi çempionatdakı növbəti matçını mayın 21-də səfərdə “Paykan”a qarşı keçirəcək. Bundan öncə isə “traktorçular”ı “Mes Rafsanjan”la kubok oyunu gözləyir. İran Kubokunun 1/4 final mərhələsi çərçivəsində Təbrizdə keçiriləcək bu oyun mayın 16-da baş tutacaq.


