“Tuluza” niderlandlı hücumçu üçün 2.5 milyon avrosundan keçdi

Futbol üzrə Fransa çempionatında (Liqa 1-də) mübarizə aparan “Tuluza” klubu heyətini yeni oyunçularla gücləndirib. Arena.az xəbər verir ki, sözügedən klub hücumçu Səid Hamuliç və yarımmüdafiəçi Vinsent Sierronu heyətinə cəlb edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Səid Hamuliç Polşanın “Stal” (Meleç) klubundan transfer olunub. 22 yaşlı forvardla müddəti 2027-ci ilin 30 iyununa qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. “Tuluza” bu transfer üçün Polşa klubuna 2.5 milyon avro ödəyib.

Səid Hamuliç Niderlandda dünyaya göz açsa da, əslən Bosniya və Herseqovinadandır. Onun ilk peşəkar komandası Litva “Daynava”sı olub. Sonradan “Botev” və “Suduva”da da oynamış hücumçu, 2022-ci ilin yayından “Stal”da forma geyinirdi. O, sözügedən komandada 19 oyuna 9 qol vurub, 4 məhsuldar ötürmə edib.

Vinsent Sierro isə İsveçrənin “Yanq Boyz” klubundan transfer olunub. İsveçrədən olan 27 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin 30 iyununa qədər olan müqavilə imzalanıb. Fransa klubunun bu keçidə görə “Yanq Boyz”a nə qədər təzminat ödədiyi məlum deyil.

Sierro peşəkar karyerasına “Sion”da başlayıb. O, Almaniyanın “Frayburq”, İsveçrənin “Sankt Qallen” klublarının da formasını geyinib. Yarımmüdafiəçi 2019-cu ilin iyulundan uğurları üçün çalışdığı “Yanq Boyz”da 129 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə ilə yadda qalıb.