“Turan Tovuz” “Fənərbağça”ya yoxlama matçında məğlub oldu

Premyer Liqa təmsilçisi “Turan Tovuz” bu gün Bakıda Türkiyənin “Fənərbağça” komandası ilə yoxlama oyunu keçirib.

Arena.az xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Görüşün baş hakimi Rəvan Həmzəzadə olub. Qarşılaşma İstanbul təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 60-cı dəqiqədə Fransa millisinin üzvü Nqolo Kante açıb. Digər qolu isə 74-cü dəqiqədə Çağrı Balta aktivinə yazdırıb.

İlk hissədə qonaq komandanın futbolçusu Meyson Qrinviud kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Amma tərəflər arasındakı razılığa əsasən, onun əvəzində meydana başqa futbolçu buraxılıb və tərəflər oyunu bərabər heyətlərlə davam etdiriblər.

Qeyd edək ki, bu oyundan əldə olunacaq gəlir Qarabağ Dirçəliş Fonduna ianə ediləcək.

Xatırladaq ki, 1994-cü ildə Azərbaycanı avrokuboklarda təmsil edən ilk komanda “Turan” olub. Qərb təmsilçisinin UEFA Kubokundakı (hazırkı UEFA Avropa Liqası) rəqibi isə “Fənərbağça” idi. İstanbul komandası hər iki matçda qalib gəlib – 5:0, 2:0.

“Turan Tovuz” Azərbaycan Premyer Liqasının 2026/2027-ci illər mövsümündə 6 oyuna topladığı 11 xalla 12 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb. “Fənərbağça” isə Türkiyə Super Liqasının cari mövsümündə 6 oyuna 10 xal toplayıb və 18 iştirakçı arasında 6-cıdır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: