Futbol üzrə Moldova milli komandasının və “Turan Tovuz”un sol cinah müdafiəçisi Denis Marandiç ağır zədə alıb.
Arena.az xəbər verir ki, moldovalı futbolçu Azərbaycan kubokunun 1/8 final mərhələsi çərçivəsində bu gün keçirilən “Sabah”la ev oyununda sıradan çıxıb.
Marandiç qarşılaşmanın 20-ci dəqiqəsində rəqib futbolçunun qapıya zərbə endirməsinin qarşısını almaq istəyərkən arzuolunmaz vəziyyətlə üzləşib. Belə ki, “Sabah”ın hücumçusu Pavol Şafranko topa zərbə vurarkən Denisin ayağına zərbə endirib. Nəticədə moldovalı futbolçunun sol ayağı qırılıb. Müdafiəçinin üzləşdiyi ağır zədəyə görə dərhal təcili tibbi yardım maşını meydana gətirilib. İlkin tibbi müdaxilələrdən sonra o, xəstəxanaya aparılıb. Təxminən 6-7 dəqiqəlik fasilədən sonra oyun bərpa olunub. Denis Marandiçinin əvəzində meydana İsmayıl Zülfüqarlı daxil olub.
Qeyd edək ki, Pavol Şafranko rəqib futbolçuya qəsdən zərbə endirmədiyi üçün hakim onu cəzalandırmayıb. Amma slovakiyalı hücumçu belə ağır bir zədəyə səbəb olduğu üçün şok keçirib və bir neçə dəqiqə özünə gələ bilməyib. Ona komanda yoldaşları və bəzi rəqib oyunçular dəstək olublar.
Xatırladaq ki, Denis Marandiç 2023-cü ilin yanvar ayından “Turan Tovuz”da çıxış edir. O, Premyer Liqa klubunun heyətində indiyə qədər 66 oyuna çıxıb, 2 qol vurub, 12 məhsuldar ötürmə müəllifi olub. Moldovalı futbolçu daha öncə “Çelye”, “Leyriya”, “Zrinski” kimi klubların da formasını geyinib.
Marandiç 2020-ci ildən Moldova yığmasına dəvət alır. Müdafiəçi indiyə qədər yığmada 14 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.