Tyaqo Motta fevral ayında A Seriyasının ən yaxşı məşqçisidir

“Bolonya”nın baş məşqçisi, italiyalı mütəxəssis Tyaqo Motta fevral ayında İtaliya A Seriyasının ən yaxşı məşqçisi seçilib.

Arena.az bu barədə İtaliya A Seriyasının rəsmi saytına istinadən məlumat verir.

Ötən ay Mottanın “Bolonya”sı A Seriyasında 5 oyun keçirib və 5 qələbə qazanıb. “Həyasızlar” “Sassuolo” (4:2), “Leççe” (4:0), “Fiorentina” (2:0), “Latsio” (2:1) və “Verona” (2:0) üzərində qələbələri sıralayıblar.

Hazırda “Bolonya” 27 oyundan 51 xalla A Seriyasının yarış cədvəlində UEFA Çempionlar Liqasına vəsiqə verən 4-cü pillədə qərarlaşıb.

Motta “Bolonya”nı 2022-ci ilin sentyabrından çalışdırır. Tyaqonun “Bolonya” ilə müqaviləsi cari ilin iyun ayının sonuna qədər qüvvədədir.

Çalışdırdığı müddətdə Motta “Bolonya”nı 65 oyuna çıxarıb, 31 qələbə qazandırıb, 18 heç-heçə edib, 16 məğlubiyyət yaşayıb. Topların fərqi isə 98:71 nisbətindədir.

Motta bu mövsüm ilk dəfə A Seriyasında ayın ən yaxşı məşqçisi seçilir. 2023/2024 mövsümünün əvvəlki aylarında ayın ən yaxşısı seçilmiş məşqçilərin siyahısını təqdim edirik:

Avqust 2023 – Roberto Daversa (“Leççe”)
Sentyabr 2023 – Alessio Dionisi (“Sassuolo”)
Oktyabr 2023 – Simone İnzaqi (“İnter”)
Noyabr 2023 – Massimiliano Alleqri (“Yuventus”)
Dekabr 2023 – Vinçentso İtalyano (“Fiorentina”)
Yanvar 2024 – Simone İnzaqi (“İnter”)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: