Tyaqo Motta qovuldu, yeni təyinat açıqlandı

İtaliya nəhəngi “Yuventus” baş məşqçisi Tyaqo Motta ilə yollarını ayırıb, onun əvəzində İqor Tüdor yeni baş məşqçi təyin edilib.

Arena.az xəbər verir ki, bu barədə Turin klubunun mətbuat xidməti məlumat yayıb.

İstefaya komandanın son dövrlərdəki uğursuz nəticələri səbəb olub. Xüsusilə də A Seriyasının sonuncu turunda “Fiorentina”ya 0:3 hesablı məğlubiyyətdən sonra Mottanın istefası gündəmdə idi.

Xatırladaq ki, Tyaqo Motta “Yuventus”u 2024-cü ilin iyul ayından çalışdırırdı. 42 yaşlı braziliyaəsilli italiyalı mütəxəssisin “qoca sinyora” ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər idi.

Bu müddətdə Tyaqo Motta “byankoneri”ni 42 oyuna çıxarıb, 18 qələbə, 16 heç-heçə və 8 məğlubiyyət yaşayıb. Komandanın top fərqi isə 65:46 nisbətindədir.

Motta “Yuventus”a qədər “Cenoa”, “Spetsiya” və “Bolonoya”nı da çalışdırıb.

“Yuventus” İtaliya A Seriyasının cari mövsümündə 29 oyuna topladığı 52 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Komanda bu oyunlarda 13 qələbə qazanıb, 13 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Turin təmsilçisi Tyaqo Mottanın əvəzində baş məşqçi postuna sabiq futbolçusu və məşqçisi İqor Tudoru təyin edib. Onunla müddəti bu ilin iyun ayına qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Xorvat mütəxəssisin qarşısına qoyulan əsas tələb “qoca sinyora”nı UEFA Çempionlar Liqasına çıxarmaqdır. 46 yaşlı mütəxəssis bunu bacarsa, onunla müqavilənin müddəti 2026-cı ilin 30 iyununadək artırılacaq.

Xatırladaq ki, İqor Tudorun çalışdırdığı sonuncu klub İtaliyanın digər təmsilçisi “Latsio” olub. O, 2024-cü ilin martından etibarən çalışdırdığı paytaxt təmsilçisini iyunda tərk etmişdi.

İqor Tudor daha öncə İtaliyada “Verona”, “Udineze” kimi klubları da çalışdırıb. Xorvat mütəxəssis “Hayduk” (Split), “Qalatasaray”, “Karabükspor”, PAOK, “Olimpik” (Marsel) kimi komandaların da baş məşqçisi olub. O, 2020-ci ilin avqustundan 2021-ci ilin mayına qədər də “Yuventus”da köməkçi-məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: