Tyaqo Tomas 8 milyon avroya “Volfsburq”da!

Lissabon “Sportinq”inin portuqal hücumçusu Tyaqo Tomas Almaniya Bundesliqasında mübarizə aparan “Volfsburq”a transfer olunub.

Arena.az xəbər verir ki, bu barədə futbolçunun yeni klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Almaniya klubu bu transferə görə Portuqaliya təmsilçisinə 8 milyon avro ödəyib. Futbolçu yeni klubu ilə 4 illik müqavilə bağlayıb.

Tyaqo Tomas “Sportinq”in əsas komandasında 66 oyun keçirib, 9 qol və 4 assistlə yadda qalıb. 21 yaşlı forvard daha öncə Almaniyada icarə əsasında “Ştutqart”ın da formasını geyinib – 47 oyun, 8 qol, 4 assist. O, Portuqaliyanın U-21 yığmasının da üzvüdür.

“Volfsburq” dörd futbolçusu ilə də yollarını ayırıb. Ötən ilin avqustunda icarə əsasında İtaliya “Leççe”sinə keçmiş Marin Ponqraçiç birdəfəlik bu kluba transfer olunub. “Volfsburq” bu transferdən 2 milyon avro qazanıb. Xorvatiyalı mərkəz müdafiəçisi Almaniya klubunda 23 oyuna çıxıb, 2 qol vurub. O, “Leççe”də də cəmi 9 oyun keçirib. “Zalsburq”, “Borussiya” (Dortmund) kimi klublarda da oynamış 25 yaşlı futbolçu Xorvatiya millisində 5 oyun keçirib.

Komandanın digər mərkəz müdafiəçisi Tim Sirsleben də “Haydenhaym” klubuna transfer olunub. “Volfsburq” bu keçiddən də 500 min avro qazanıb. 23 yaşlı alman da 2021-ci ildən məhz “Haydenhaym”da icarədə idi. O, “Volfsburq”da cəmi 1, “Haydenhaym”da isə 45 matç (1 qol, 2 assist) keçirib. Sirsleben Almaniyanın aşağı yaş qrupları üzrə yığmalarında da oynayıb.

“Volfsburq”un 20 yaşlı yarımmüdafiəçisi Brayan Kayo da “İnqolştadt” klubuna keçib. Lakin bu transferlə bağlı detallar açıqlanmır. ABŞ-dan olan gənc futbolçu yeni klubu ilə 3 illik müqavilə bağlayıb.

Bundesliqa təmsilçisinin 20 yaşlı sol cinah müdafiəçisi Fabio Di Mikele Sançes də “Saarbrüken”ə keçib. Alman futbolçu yeni klubu ilə 1 illik müqavilə bağlayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: