Tyerri Anri 21 yaşadək futbolçulardan ibarət Fransa yığmasının, həmçinin bu ölkənin olimpiya milli komandasının baş məşqçisi təyin edilib.
Arena.az xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının (FFF) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Anrinin təyinatı ilə bağlı Federasiyanın İcraiyyə Komitəsi yekdilliklə qərar qəbul edib. O, bu postda 46 yaşlı məşqçi Silveyn Ripollu əvəzləyib. Anri 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında Fransa milli futbol komandasına başçılıq edəcək.
Xatırladaq ki, Anri son olaraq Belçika millisində (2016-2018, 2021-2022) köməkçi məşqçi işləyib. O həmçinin “Monako” və Kanadanın “Monreal İmpakt” komandalarına rəhbərlik edib.
Tyerri Anri futbolçu kimi “Monako” ilə Fransa çempionu, “Arsenal”la ikiqat İngiltərə çempionu və “Barselona” ilə ikiqat İspaniya çempionudur. O, bu klublardan əlavə “Yuventus” və “Nyu York Red Bullz”da da forma geyinib. Anri Fransa yığmasında keçirdiyi 123 oyunda 51 qola imza atıb.


