“Udineze” İtaliya A Seriyasının 21-ci turunda komandanın “Milan”a qarşı oyununda (2:3) baş vermiş irqçi qalmaqala dair istintaq aparır.
Arena.az məlumat verir ki, klub sözügedən oyunda “rossoneri”nin qapıçısı Mayk Menyana münasibətdə irqçi zəmində təhqirlərə yol vermiş “qəhrəmanlar”dan birinin kimliyini artıq müəyyənləşdirib:
“Udineze” bildirir ki, Menyanın irqi təhqirinə görə məsuliyyət daşıyan ilk şəxsi müəyyənləşdirib. Ona dərhal qüvvəyə minməklə, qeyri-müəyyən müddətə klubun stadionunu ziyarət etmək qadağan edilib.
Klub irqçiliyə qarşı mübarizəyə sadiqliyini bir daha təsdiqləyir və hesab edir ki, yalnız futbolda deyil, həm də cəmiyyətdə ayrı-seçkiliyə qarşı dəqiq ismarış vermək üçün qətiyyətli addımlar atmaq son dərəcə vacibdir.
Klub hələ də davam edən istintaqa mümkün qədər tez qarşılıq vermək üçün səlahiyyətlilərlə sıx əməkdaşlıq edərək, stadionun təchiz edildiyi bütün müşahidə kameralarını və texnologiyasını təqdim edərək vaxtında işə başlayıb” – Udine klubunun rəsmi açıqlamasında deyilir.
Xatırladaq ki, “Milan”ın qapıçısı Menyan udineli azarkeşlərin ona ünvanladığı irqçi təhqirlərdən hakimə şikayət etmişdi. Qapıçı oyunu davam etdirmək istəməyərək tribunaya girsə də, komanda yoldaşları onu xahişlə oyuna geri qayıtmağa razı sala bilmişdilər. Oyun bu hadisələrə görə beş dəqiqə müddətində dayandırılıb və sonra davam etdirilib.
Oyundan sonra verdiyi müsahibəsində Menyan irqçi azarkeşlər tərəfindən ona “meymun” deyildiyini bəyan edib. O, həmçinin irqçi zəmində digər əxlaqsız ifadələrə “bəzədildiyini” bildirib.
Xatırladaq ki, baş vermiş hadisə İtaliya mətbuatında və İtaliya futbolunun yuxarı dairələrində böyük əks-sədaya səbəb olub. Hazırda bu məsələ üzrə araşdırmalar aparılır. İntizam komitəsinin cəzalar tətbiq edəcəyi vurğulanır.


