Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Azərbaycan Premyer Liqasında mübarizə aparan 10 kluba, həmçinin “Şamaxı”ya ödəniş edib.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, maliyyə vəsaiti milli komandaların heyətində Avropa çempionatının seçmə mərhələsində və UEFA Millətlər Liqasının matçlarında çıxış etmiş futbolçulara görə ödənilib.
Avropa futbol qurumundan klublara ayrılan 647 min 643 avro milli assosiasiyanın vasitəçiliyi ilə klubların hesablarına köçürülüb.
Ən çox vəsait alan klub millidə futbolçuları əksəriyyət təşkil edən “Qarabağ” olub – 219 min 540 avro. “Sabah” (135 min 383 avro) və “Neftçi” də (109 min 770 avro) milliyə gedən futbolçularına görə büdcəsini zənginləşdirib. Ən az vəsait alan klublar isə “Kəpəz” və Birinci Liqa təmsilçisi “Şamaxı” olublar.
“Qarabağ” – 219,540 avro
“Sabah” – 135,383 avro
“Neftçi” – 109,770 avro
“Qəbələ” – 47,567 avro
“Zirə” – 43,908 avro
“Səbail” – 25,613 avro
“Araz-Naxçıvan” – 21,954 avro
“Turan Tovuz” – 14,636 avro
“Sumqayıt” – 14,636 avro
“Kəpəz” – 7,318 avro
“Şamaxı” – 7,318 avro


