“Roma”nın baş məşqçisi Joze Mourinyonun 4 avrokubok oyunundan kənarlaşdırılması haqda cəza qüvvəsində qalır.
Arena.az bu barədə “Sky Sport Italia”ya istinadən məlumat verir.
İtaliya klubu 60 yaşlı baş məşqçisinin aldığı cəza ilə bağlı apellyasiya şikayəti vermək qərarına gəlsə də, uğurlu nəticəyə nail ola bilməyib. UEFA “canavarlar”ın apellyasiya şikayətini rədd edib. Beləliklə, “Roma” Avropa Liqasında qrup mərhələsinin oyunlarının yarıdan çoxunu (altı oyundan dördünü) Mourinyonun birbaşa rəhbərliyi olmadan keçirməli olacaq.
Xatırladaq ki, Mourinyo Avropa Liqasının finalında “Sevilya” ilə oyunda hakimləri təhqir etdiyinə görə cəzalandırılmışdı. İngilis hakim Entoni Teylor “Roma”nın futbolçularına 7 sarı vərəqə göstərib. Oyundan sonra hakimin işindən narazı qalan Mour stadionun dayanacağında Teyloru təhqir edərək ona “Nə biabırçılıqdır, siz – dəhşətli biabırçılıqsınız” ifadəsini ünvanlayıb.
UEFA-nın Nizam-İntizam Komitəsi müvafiq hallara qarşı güzəştsiz mövqeyi ilə diqqət çəkir. Avropa futbolunun rəhbərliyi meydanda olduğu kimi, meydandan kənarda da davranış etikasına münasibətdə tələbkardır.


