Futbol üzrə UEFA Çempionlar Liqasında (ÇL) Liqa mərhələsinin 2-ci turunun görüşlərindən sonra ölkələrin reytinq siyahısı yenilənib.
Arena.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” ötən gecə Danimarkanın “Kopenhagen” komandası üzərində inamlı qalibiyyət (2:0) əldə edərək növbəti dəfə ölkəmizin əmsal ehtiyatını artırıb.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda uğurlu nəticə sayəsində ölkəmizə 0,500 əmsal qazandırıb. Nəticədə Azərbaycanın cari mövsümdəki reytinq əmsalı 4,875-ə, son 5 ildəki göstəricisi isə 22,000-yə çatıb.
Qeyd edək ki, son beş mövsümdəki ən yaxşı göstəricimiz 5,875 əmsaldır. Bu, 2023/2024-cü illər mövsümündə qazanılıb. “Qarabağ”ın cari mövsümdə ÇL-in Liqa mərhələsində ən azı daha 6 oyun keçirəcəyini nəzərə alsaq, yeni rekordun reallaşması da istisna deyil.
Azərbaycanın UEFA reytinqindəki mövqeyi isə dəyişməz qalıb. Ölkəmiz sıralamada 25-ci yerdə qərarlaşıb. Bir addım öndəki Serbiyanın 22,375, təqibçimiz Slovakiyanın isə 21,375 əmsalı var.
Xatırladaq ki, hazırda reytinqin cədvəlinə İngiltərə başçılıq edir – 97,116. İtaliya (86,374) ikinci, İspaniya (80,203) üçüncü, Almaniya (76,831) dördüncü, Fransa (69,534) beşincidir.


