“Qranada”nın portuqaliyalı sağ cinah müdafiəçisi Uilson Manafa tamhüquqlu əsasda Çinin “Şanxay Şenhua” klubuna keçib.
Arena.az bu barədə “Şanxay Şenhua”nın mətbuat xidmətinə istinadən məlumat verir.
Transfer Çin klubuna 150 min avro məbləğində başa gəlib. Müqavilə müddəti haqda məlumat isə hələ açıqlanmayıb.
Manafa futbola “Oliveyra-du-Bayru” klubunda qədəm qoyub. Buradan isə Lissabon “Sportinq”inin futbol akademiyasına yol tapıb. Manafa karyerası ərzində “Beyra-Mar”, “Anadiya”, “Varzin”, “”Portimonense” və “Portu”da çıxış edib. Daha sonra Manafa Portuqaliyanı azad agent qismində tərk edib və qonşu İspaniyanın “Qranada” klubuna keçib.
Cari mövsümün ilk yarısında Manafa “Qranada”nın heyətində 5 oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə fərqlənib.
Uilson Manafanın qənimətlər muzeyində “Portu” ilə qazandığı 6 kubok var: Portuqaliya çempuonluğu (2 dəfə), Portuqaliya Kuboku (2 dəfə), Portuqaliya Liqa Kuboku və Portuqaliya Super Kuboku.
Uilson Manafa Portuqlaiya yığmasının U-20 kollektivinə dəvət alıb, amma debüt imkanı qazanmayıb. Bununla da Manafanın milli komanda səhifəsi bağlanıb.
“Transfermarkt” internet-portalı 29 yaşlı portuqaliyalı sağ cinah müdafiəçisinin transfer dəyərini 1,50 milyon avro məbləğində qiymətləndirir.
“Qranada”nın qapıçısı Andre Ferreyra da icarə əsasında “Valyadolid”ə keçib. Portuqaliyadan olan 27 yaşlı qolkiper bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürülüb.
2022-ci ilin yayından “Qranada”da olan Andre Ferreyra bu komandada 26 oyuna çıxıb, 38 qol buraxıb, 5 “quru” matç keçirib. O, “Benfika”, “Pasuş de Ferreyra”, “Leyşoyş”, “Santa Klara”, “Deportivo Aves” kimi klublarda da forma geyinib.


