Ukrayna Futbol Assosiasiyası (UAF) Rusiyanın Sankt-Peterburq şəhərində təşkil edilən “Match TV” Kuboku ilə bağlı bəyanat yayıb.
Arena.az xəbər verir ki, qurum yarışda iştirak edən komandaların bu addımlarını pisləyib:
“Ukrayna Futbol Assosiasiyası Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən yoldaşlıq turnirində “Neftçi”, “Srvena Zvezda” və “Fənərbaxça” komandalarının iştirakını qətiyyətlə pisləyir. Bir daha Avropanın və dünyanın futbol ictimaiyyətinə xatırladırıq ki, Rusiyada futbol həmişə yerli kriminal rejimin təbliğat vasitəsi kimi istifadə edilib.
Uzun illərdir ki, bu təbliğat və onun ayrılmaz atributu kimi futbol Ukraynaya qarşı işləyir və Ukraynaya aid hər şeyi məhv etmək məqsədi güdür. Rusiya Futbol İttifaqı nə rus qoşunlarının Ukrayna ərazisinə ilk dəfə hücum etdiyi 2014-cü ildən, nə də genişmiqyaslı işğalın başladığı 2022-ci il fevralın 24-dən sonra Rusiyanın cinayətkar hakimiyyətinin fəaliyyətlərini pisləməyib ki, bunu Rusiya Federasiyası tərəfindən Ukraynaya qarşı bütün cinayətlərinə müstəsna səssiz dəstəyi kimi şərh etmək olar.
Rusiya Futbol İttifaqı, digər klublar, xüsusən də turnirin təşkilatçısı olan “Zenit” (Sankt-Peterburq) Rusiya büdcəsinə vergi ödəməkdə davam edir və buna görə də terrorun sponsorlarıdır. Xatırladaq ki, Rusiya ATƏT Parlament Assambleyası, Avropa Parlamenti və NATO Parlament Assambleyası tərəfindən terrorizmin sponsoru kimi tanınıb və Haaqa Beynəlxalq Cinayət Məhkəməsi terrorçu ölkənin lideri Vladimir Putinin həbsinə hökm verib.
UAF dəfələrlə UEFA-ya, FIFA-ya, Avropa və dünya futbol ictimaiyyətindən olan bütün tərəfdaşlarımıza Rusiya komandalarının iştirakı ilə keçirilən futbol yarışlarına, o cümlədən Rusiya ərazisində iştiraka, habelə Rusiyaya səfərlərə və Rusiya təmsilçilərinin və ya bütövlükdə Rusiyanın futbol ictimaiyyəti nümayəndələrinin iştirakı ilə hər hansı tədbirlərdə iştirakının qarşısını almaq üçün müraciət edib. Çünki Rusiya futbolu ilə istənilən əməkdaşlıq və terrorçu ölkənin ərazisinə səfərlər ona, diqqətini Ukraynaya qarşı soyqırımdan yayındırmağa kömək edir”.
“Neftçi”ni Rusiyada daha 2 oyun gözləyir
Xatırladaq ki, “Neftçi” “Match TV” Kubokunun ilk iki oyununda “Zenit” (1:3) və “Srvena Zvezda”ya (0:4) məğlub olub. Azərbaycan təmsilçisi son görüşünü iyulun 15-də “Fənərbaxça”ya qarşı keçirəcək.
Turnir başa çatandan sonra “Neftçi” Rusiyanın paytaxtına yollanaraq Moskva “Spartak”ı ilə yoldaşlıq oyunu da keçirəcək. Bu matç iyulun 18-də “Otkrıtiye Bank Arena”da baş tutacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Komanda iyulun 19-da Bakıya qayıdacaq. “Ağ-qaralar” hazırlığın qalan hissəsini paytaxtda davam etdirəcək.
Yeni mövsümdə Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Neftçi” yarışın 2-ci təsnifat mərhələsində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq. İlk oyun iyulun 27-də səfərdə baş tutacaq. Cavab matçı isə avqustun 3-də “Bakcell Arena”da keçiriləcək.


