İspaniya millisinin qapıçısı Unai Simon futbol üzrə dünya çempionatları tarixində ən uzun müddət qol buraxmayan qapıçı rekordunu yeniləyib.
Arena.az xəbər verir ki, 29 yaşlı qolkiper buna DÇ-2026-nın 1/16 finalında Avstriya üzərində qazanılan 3:0 hesablı qələbədən sonra nail olub.
Simonun mundiallarda ardıcıl qol buraxmadan keçirdiyi dəqiqələrin sayı 519-a çatıb. Bununla da o, 1990-cı il dünya çempionatında 517 dəqiqə qol buraxmayan İtaliya millisinin sabiq qapıçısı Valter Zenqanın rekordunu geridə qoyub.
Bu uğurun təməli DÇ-2022-də qoyulub. Simon həmin turnirin qrup mərhələsində son 39 dəqiqədə, həmçinin Mərakeşlə qolsuz başa çatan 1/8 final oyununda (İspaniya penaltilər seriyasında uduzub) qapısını toxunulmaz saxlamışdı. DÇ-2026-da isə İspaniya millisi keçirdiyi ilk dörd oyunda da qol buraxmayıb.
Beləliklə, Simonun mundiallardakı quru seriyası artıq 519 dəqiqəyə yüksəlib və bu göstərici dünya çempionatları tarixinin yeni rekordudur.
Qeyd edək ki, İspaniya millisi DÇ-2026-nın 1/8 finalında Portuqaliya – Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.
2018-ci ildən “Atletik”in (Bilbao) formasını geyinən Unai Simon klub səviyyəsində İspaniya Kubokunun (2024) və İspaniya Super Kubokunun (2021) qalibi olub. O, həmçinin İspaniya millisinin heyətində AÇ-2024-ün və UEFA Millətlər Liqasının (2022/2023) qalibi adını qazanıb.


