Uruqvay millisinin yeni baş məşqçisi – Dieqo Alonso!

Futbol üzrə Uruqvay millisinin yeni baş məşqçisi məlum olub. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Dieqo Alonso çalışdıracaq.

Bu barədə Uruqvay Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssislə müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Futbolçu karyerasının böyük hissəsini İspaniyada keçirmiş Dieqo Alonso, Uruqvay millisinin də şərəfini qoruyub. Lakin o, yığmada cəmi 7 oyun keçirib. Alonso 2011-ci ildə futbolçu karyerasını bitirən kimi məşqçiliyə başlayıb. “Bella Vista”, “Quarani”, “Penyarol”, “Olimpiya”, “Paçuka”, “Monterrey” kimi klubları çalışdırmış məşqçinin son iş yeri “İnter Mayami” olub. O, 2019-cu ildən çalışdırdığı ABŞ klubundan bu ilin yanvarında ayrılmışdı və həmin vaxtdan işsiz idi.

Uruqvay yığmasına 2006-cı ildən Oskar Tabares rəhbərlik edirdi. 74 yaşlı mütəxəssis səhhətindəki problemlərlə əlaqədar ötən ay vəzifəsindən azad edilmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: