Usman Dembele: “PSJ və Fransa millisinin çoxlu ortaq cəhəti var”

Fransa millisinin və PSJ-nin hücumçusu Usman Dembele yığma ilə Paris klubunun oyun fəlsəfəsində oxşarlıqların olduğunu bildirib.

Arena.az xəbər verir ki, 29 yaşlı futbolçu bunları söyləyib:

“Luis Enrikenin PSJ-si ilə Zidanın Fransasının çoxlu ortaq cəhəti var. Zidan hücumçulara daha çox sərbəstlik verir. Bunu eyni fəlsəfə adlandırmazdım, daha çox biz sadəcə oyundan zövq almağa çalışırıq. Zidanın dediyi kimi, komanda oynayır və topa sahib olmağa çalışır. Həqiqətən də çoxlu oxşar cəhətlər var”, – deyə Dembele UEFA-nın rəsmi saytına açıqlamasında bildirib.

Xatırladaq ki, Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 142 oyun, 63 qol və 42 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 70 oyun keçirib, 13 qol vurub, 7 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 29 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: