İspaniya prokurorluğuna “Real”ın baş məşqçisi Karlo Ançelottiyə dair “Valensiya” səhmdarlarından şikayət daxil olub.
Arena.az bu barədə “Marca”ya istinadən xəbər verir.
Mənbənin məlumatına görə, İspaniya prokurorluğu hücumçu Vinisius Juniorla bağlı yaranmış məlum vəziyyətdən sonra, irqçiliklə bağlı saxta ittihamlara görə “Real”ın italyan baş məşqçisi Karlo Ançelottinin cəzalandırılmasını tələb edən “Valensiya”nın səhmdarlarının şikayətini qəbul edib.
Səhmdarlar Ançelottini “Valensiya”nın və klubun azarkeşlərinin simasına xələl gətirməkdə ittiham ediblər.
Müraciətlə bağlı açılmış iş hazırda baxışdadır.
Xatırladaq ki, La Liqanın 35-ci turu çərçivəsində “Mestalya”da keçirilmiş oyunda “Valensiya” azarkeşləri “Real”ın hücumçusu Vinisius Junioru irqi zəmində təhqir ediblər. Bu, oyunun 8 dəqiqə dayanmasına səbəb olub.
Əlaqədar orqanların apardığı təhqiqat nəticəsində təqsirli bilinən şəxslər həbs edilib. Məhkəmə “Valensiya”nı klub azarkeşlərinin bu davranışı müqabilində 45 min avro cərimələyib və “Mestalya” tribunalarından birinin beş oyunluq bağlanması haqda hökm verib. Lakin sonradan cəza 27 min avroya, tribunanın bağlanması isə üç oyuna endirilib.
Xatırladaq ki, Vinisius Juniorun irqi zəmində təhqiri qüvvətli əks-səda doğurmuşdu. İspaniya səlahiyyətli orqanları müvafiq biabırçılığın baş verməməsi üçün xüsusi çağırışlar və tədbirlər həyata keçirib.


