“Valensiya”dan döş xərçəngi ilə mübarizə üçün xüsusi aksiya

“Valensiya” “Ümumdünya döş xərçəngi ilə mübarizə günü” (15 Oktyabr) çərçivəsində xüsusi tədbirin iştirakçısı olacaq.

Arena.az bu barədə “Valensiya”nın rəsmi saytına istinadən məlumat verir.

Klub bu məqsədlə yeni kapitan sarğısını təqdim edib. Komandanın kapitanı Xose Luis Qayya La Liqanın qarşıdakı iki oyununda “yarasalar”ı bu sarğı ilə meydana çıxaracaq.

“Valensiya” oktyabrın 22-də “Kadis”lə, oktyabrın isə 29-da “Atletik Bilbao” ilə oyunda yeni kapitan sarğısı ilə meydana çıxacaq. Bu oyunlardan sonra kapitan sarğısı hərraca çıxarılacaq. Toplanmış bütün vəsait isə xərçəngdən xilas olmuş qadınlardan ibarət “Dragon Boat Marina Valencia” avarçəkmə komandasına bağışlanacaq.

Vurğulayaq ki, kapitan sarğısının tərtibatı klubun azarkeşləri tərəfindən seçilib.

Xatırladaq ki, La Liqanın 9 turu ərzində “Valensiya” 11 xal toplayıb və hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: