“Sumqayıt”ın baş məşqçisi Vaqif Cavadov Azərbaycan Premyer Liqasının 12-ci turunda “Sabah”a qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Çox yaxşı komandaya qarşı oynadıq. Hücumda və müdafiədə yaxşı oynayırlar. Futbolçularım bu oyuna yaxşı köklənmişdilər. Məşqlərdə etdiklərimizi meydanda göstərə bildik. Onların sayəsində bu gün qələbə qazandıq. Çətin oldu, amma lazımlı idi. Ümid edirəm ki, qalib ruhumuz davam edəcək.
Rəqibə epizodlar vermədik. Müdafiədə qalmağımızın bir məqsədi var idi. Planımızı icra etməyə çalışırdıq. Son dəqiqələrdə də gözəl qol vurub, qələbə qazandıq. Hər şey istədiyimiz kimi oldu. Səbirli, istəkli davrandıq”.
Vaqif Cavadov son oyunlardakı qələbələrə baxmayaraq, komandasının eyforiyaya qapılmamalı olduğunu vurğulayıb:
“Heç bir eyforiyadan söhbət gedə bilməz. Çempionat çətindir. İşimizə istəklə və ciddi yanaşsaq, hər şey yolunda olacaq və istədiyimiz yeri tutacağıq. Hər oyuna qələbə istəyi ilə çıxacağıq. Öz üslubumuz var. Futbol nəyi tələb edirsə, onu etməliyik. Bu gün 3 xalı qazandıq, indi irəli baxmalıyıq. Hər oyuna fərqli yanaşmamız olacaq. Amma yolumuz, futbolumuz, fəlsəfəmiz birdir”.
Renduliçdən “Sabah”ın məğlubiyyətinə şərh
“Sabah”ın baş məşqçisi Krunoslav Renduliç isə komandasının məğlubiyyətinə belə şərh verib:
“Rəqibi təbrik edirik. Bura xal qazanmaq üçün gəlmişdik, ancaq alınmadı. Demək olar, oyunboyu üstün tərəf biz idik. Amma hücumda xüsusi nəsə yarada bilmədik. Təəssüf ki, son dəqiqədə qapımızda qol gördük. Oyunçular istəklidir. Oyunun 60-70 faizini rəqibin cərimə meydançasında keçirdik. Sadəcə, çoxlu qol fürsətləri yarada bilmədik”.


