Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Real Ovyedo” komandasının baş məşqçisi Velko Paunoviç istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
Paunoviçlə yanaşı, onun köməkçiləri komandadan ayrılıblar. İstefaya komandanın La Liqanın cari mövsümündəki uğursuz çıxışı səbəb göstərilir.
Qeyd edək ki, “Real Ovyedo” bu mövsümdən La Liqaya qayıdıb. Komanda hazırda İspaniya çempionatının turnir cədvəlində 8 oyuna topladığı 6 xalla 17-ci yerdə qərarlaşıb.
Velko Paunoviç bu ilin mart ayından “Real Ovyedo”ya rəhbərlik edirdi. Komanda məhz serbiyalı mütəxəssisin rəhbərliyi altında elitaya yüksəlmişdi. “Real Ovyedo” Paunoviçin dövründə 22 oyun keçirib, bu görüşlərdə 11 qələbə, 4 heç-heçə və 7 məğlubiyyət görüb. Top fərqi isə belədir – 23:23.
Paunoviç daha öncə Serbiyanın U-18, U-19, U-20 yığmalarına, “Çikaqo Fayr”, “Ridinq”, “Quadalaxara”, “Tiqres UANL” kimi komandalara da rəhbərlik edib.


