“Bayern”in baş məşqçisi Vensan Kompani müdafiəçi Matteys de Liqtin satışının əleyhinə olması haqda şayiələri cavablayıb.
Arena.az məlumat verir ki, daha əvvəl mətbuatda, belçikalı mütəxəssisin niderlandlı futbolçunun “Mançester Yunayted”ə satışına qarşı olduğu, “Bayern” rəhbərliyinin isə bu məsələdə Kompani ilə hesablaşmadığı haqda məlumat yayılmışdı.
Məlumatda iddia edilirdi ki, Vensan Kompani De Liqtin satışının əleyhinə olması ilə yanaşı, niderlandlı futbolçuya müdafiə xəttində ona aparıcı müdafiəçi gözü baxdığını da şəxsi söhbəti zamanı bildirib.
“Mən qətiyyən belə bir şey deməmişəm. Bütün komanda üçün planlaşdırdıqlarımıza uyğun gəlməyəcəyi üçün belə bir şey söyləməyim axmaqlıq olardı. Tezliklə gedəcəyini bildiyiniz futbolçuya belə bir söz demək? Bu, məntiqli deyil”, – “Bayern & Germany” dərgisi Kompanidən sitat gətirir.
Matteys De Liqt futbola 2009-cu ildə “Abkaude” klubunda qədəm qoyub və həmin il buradan “Ayaks”ın futbol akademiyasına yol tapıb, əsas heyətə düşüb. Ardınca 2019-2022-ci illərdə “Yuventus”da çıxış etmiş De Liqt 2022-ci ilin iyulunda 67 milyon avro məbləğ müqabilində “Bayern”ə keçib. 2024-cü ilin avqustunda “Bayern” De Liqti 45 milyon avro məbləğ müqabilində “Mançester Yunayted”ə satıb. “Qırmızı şeytanlar” niderlandlı müdafiəçi ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Matteys de Liqtin “Bayern” karyerası 73 oyun, 5 qol və 2 məhsuldar ötürmədən ibarətdir.
Cari mövsümdə isə De Liqt “Mançester Yunayted”in heyətində debüt edib, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.
De Liqt “Bayern”lə Almaniya Bundesliqasının (2022/2023) və Almaniya Super Kubokunun (2022/2023) qalibi olub.
Matteys de Liqt 2017-ci ilin martında debüt etdiyi Niderland yığmasının heyətində 45 oyun keçirib, 2 qol vurub, 3 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı mərkəz müdafiəçisinin transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.


