“Vest Bromviç” – “Malyoka” oyununda futbolçular əlbəyaxa oldular

Mövsümöncəsi hazırlıq məqsədilə “Vest Bromviç” və “Malyoka” komandaları arasında keçirilmiş yoxlama oyunu xoşagəlməzliklə əlamətdar olub.

Arena.az məlumat verir ki, komandaların dayaq yarımmüdafiəçiləri – “Vest Bromviç”in irland futbolçusu Ceyson Molambi və “Malyorka”nın portuqal futbolçusu Samu Koştanın sözləri çəp gəlib, məsələ böyüyüb və futbolçular əlbəyaxa olublar.

Belə ki, birinci hissənin sonlarında Molambi öz üzərində qayda pozuntusundan narazı qalaraq, Koşta ilə haqq-hesab çəkmək üçün portuqal futbolçuya yaxınlaşıb. Bir-iki ağız “xoş söz”dən sonra Koşta Molambinin peysərindən yapışmağa cəhd edib. Amma irland futbolçu “meydan birinci vuranındır” deyimini yada salıb və Koştanın sifətinə yumruq atıb. Bundan sonra futbolçular bir-birinə girişərək, əlbəyaxa olublar. Hər iki futbolçu süpürləşərək, ot örtüyü üzərinə yıxılıb didişməyə başlayıblar.

Komanda yoldaşları biabırçıları ayırmağa tələsiblər. “Xoruzlar”ı ayırdıqdan sonra oyun davam edib.

Yoldaşlıqdan çıxmış yoxlama oyunu “Malyorka”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb, yeganə qolu ispan mərkəz müdafiəçisi David Lopes vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: