Leverkuzen “Bayer”inin nigeriyalı mərkəz hücumçusu Viktor Bonifase zədələnərək 2 aylıq müddətə sıradan çıxıb.
Arena.az bu barədə Almaniya klubunun mətbuat xidmətinə istinadən məlumat verir.
Bildirilir ki, Bonifase Afrika Millətlər Kubokuna hazırlaşarkən sağ budun ötürücü əzələsindən əzələ-vətər zədəsi alıb. Futbolçunu cərrahi əməliyyat gözləyir. Ardınca isə 2 aylıq bərpa proqaramı çərçivəsində Bonifase futbola qayıtmağa çalışacaq.
Bonifase Nigeriyanın “Real Sapfir” klubunun yetirməsidir. Avropa karyerasına Norveçin “Budö/Qlimt” klubunda başlamış Viktor buradan Belçikanın “Yunion Sent-Jilluaz” klubuna keçib. 2023-cü ilin iyulunda isə “Bayer” 20,50 milyon avro qarşılığında Bonifaseni öz heyətinə qatıb. Bonifasenin “əczaçılar”la müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Bonifase “Bayer”in heyətində 23 oyuna çıxıb, 16 qol vurub, 8 məhsuldar ötürmə verib.
Vurğulayaq ki, Viktor “əczaçılar”ın əsas oyunçularından biridir.
Viktor Bonifase 2023-cü ilin sentyabrında debüt etdiyi Nigeriya yığmasının heyətində 5 oyuna 1 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 23 yaşlı nigeriyalının transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.


