Viktor Dyökereş “Arsenal”a keçir? – “Yayda görəcəyik…”

Lissabon “Sportinq”inin 26 yaşlı isveçli mərkəz hücumçusu Viktor Dyökereş “Arsenal”a mümkün keçidi ilə bağlı sualı cavablayıb.

Arena.az nüfuzlu italyan jurnalist-insayder Fabritsio Romanoya istinadən, isveçli futbolçunun müvafiq cavabını təqdim edir:

“Bunu car çəkmək olmaz. Biz futbolda nəyin baş verəcəyini heç vaxt bilmirik. “Arsenal”a mümkün keçidim? Mən heç nə bilmirəm. Mən oyunlara köklənmişəm. Əgər bu, doğrudursa, onda… bu yay baxıb-görəcəyik”, deyə Dyökereş vurğulayb.

Mərkəz hücumçusu Viktor Dyökereş futbola “İFK Aspudden-Tellus” klubunda qədəm qoyub. Buradan “Brommapoykarna”ya keçmiş Dyökereş böyük futbolda debüt edib. Hücumçu karyerası ərzində “Brayton”, “Sankt-Pauli”, “Suonsi Siti” və “Koventri Siti”də çıxış edib.

2023-cü ilin iyul ayında Lissabon “Sportinq”i Dyökreşi 24 milyon avro məbləğ müqabilində tamhüquqlu əsasda öz düşərgəsinə qatıb. İsveçli hücumçunun “şirlər”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Dyökereş “Sportinq” üçün bütün yarışlarda 52 oyuna çıxıb, 54 qol vurub, 13 məhsuldar ötürmə verib.

İsveçli hücumçunun “şirlər”in heyətində çıxışının ümumi mənzərəsi 102 oyun, 97 qol və 28 məhsuldar ötürmədən ibarətdir.

Viktor Dyökereş 2019-cu ilin yanvar ayında debüt etdiyi İsveç yığmasının heyətində 26 oyun keçirib, 15 qol vurub, 6 məhsuldar ötürmə verib.

Viktor Dyökereşin qənimətlər muzeyində “Sportinq”lə qazandığı Portuqaliya çempionluğu (2023/2024, 2024/2025) və Portuqaliya Kuboku (2025) var. Fərdi uğurlara gəlincə, Dyökereş Portuqaliya Premyer Liqasının 2023/2024-cü illər mövsümünün 29 qolla və 2024/2025-ci illər mövsümünün 39 qolla ən sərrast qolçusu olub.

“Transfermarkt” internet-portalı 26 yaşlı isveçli mərkəz hücumçusunun transfer dəyərini 75 milyon avro məbləğində qiymətləndirir.

Əlavə edək hücumçu bir çox Avropa nəhənglərinin diqqət mərkəzindədir.