Lissabon “Sportinq”inin isveçli hücumçusu Viktor Dyökereş “Mançester Yunayted”ə keçib-keçməyəcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az məlumat verir ki, sualda qəsd, isveçli futbolçunun “Sportinq”də çalışdırıcısı olmuş, hazırda “Mançester Yunayted”in sükanı arxasında olan portuqal mütəxəssis Ruben Amorimlə çalışmaq istəyində olub-olmadığını öyrənmək olub:
“Onun orada artıq bir neçə hücumçusu var, ona görə də baxıb-görəcəyik. Onun getməsi çox kədərlidir, amma bu qərarını başa düşürük. O, mənə bir fürsət verdiyini və mənim tərəqqinə çox kömək etdiyini nəzərə alsaq, çox böyük əhəmiyyətə malik idi. İndi biz yeni məşqçi ilə işləməyi səbirsizliklə gözləyirik”, – “Fotbollskanalen” dərgisi Dyökereşdən sitat gətirir.
Mərkəz hücumçusu Viktor Dyökereş futbola “İFK Aspudden-Tellus” klubunda qədəm qoyub. Buradan “Brommapoykarna”ya keçmiş Dyökereş böyük futbolda debüt edib. Hücumçu karyerası ərzində “Brayton”, “Sankt-Pauli”, “Suonsi Siti” və “Koventri Siti”də çıxış edib.
2023-cü ilin iyulunda Lissabon “Sportinq”i Dyökreşi 24 milyon avro məbləğ müqabilində öz düşərgəsinə qatıb. İsveçli hücumçunun “şirlər”lə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Dyökereş “Sportinq” üçün bütün yarışlarda 18 oyuna çıxıb, 23 qol vurub, 4 məhsuldar ötürmə verib.
İsveçli hücumçunun “şirlər”in heyətində çıxışının ümumi mənzərəsi 68 oyun, 66 qol və 19 məhsuldar ötürmədən ibarətdir.
Hazırda Dyökereş cari mövsüm Portuqaliya Premyer Liqasının 16 qolla ən sərrast futbolçusudur.Viktor Dyökereş 2019-cu ilin yanvarında debüt etdiyi İsveç yığmasının heyətində 24 oyun keçirib, 10 qol vurub, 5 məhsuldar ötürmə verib.
Viktor Dyökereşin qənimətlər muzeyində “Sportinq”lə qazandığı Portuqaliya çempionluğu (2023/2024) var. Fərdi uğurlara gəlincə, Dyökereş 29 qolla 2023/2024-cü illər Portuqaliya Premyer Liqasının ən sərrast qolçusu olub.
“Transfermarkt” internet-portalı 26 yaşlı isveçli mərkəz hücumçusu Viktor Dyökereşin transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.
Əlavə edək qolçu hücumçu bir çox Avropa nəhənglərinin diqqət mərkəzindədir.