“Napoli”nin nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen neapolitan komandasının azarkeşlərinə müraciət ünvanlayıb.
Arena.az məlumat verir ki, Osimhen özünün “Instagram” hesabında yazıb:
“2020-ci ildə Neapola gəlmək mənim üçün əla qərar idi. Neapol sakinləri mənə o qədər sevgi və mehribanlıq göstərdilər ki, heç kimin aramıza girməsinə icazə vermərəm.
Neapol xalqının ehtirası mənim hər zaman ürəklə və qəlbdən oynamaq istəyimi alovlandırır və nişana sevgim isə sarsılmazdır, çünki mən bunu qürürla daşıyıram.
Neapol xalqına qarşı ittihamlar həqiqətə uyğun deyil. Ailəmin və gündəlik həyatımın bir hissəsinə çevrilmiş çoxlu neapolitan dostlarım var. Mən nigeriyalılara və digərlərinə məni dəstəklədikləri və mənə üz tutduqları üçün təşəkkür edirəm.
Mən sonsuz minnətdaram. Gəlin, birliyi, hörməti və anlayışı dəstəkləyək. İrəli, “Napoli”! — Osimhen çağırış edib.
Beləliklə, son zamanlar Osimhenlə “Napoli” arasında baş vermiş anlaşılmazlıq və münaqişə silsiləsini çözülmüş hesab etmək olar.
Xatırladaq ki, Osimhenlə “Napoli” arasında münaqişə klubun mətbuat xidməti tərəfibdən “TikTok”da nigeriyalı futbolçunun 11 metrlik cərimə zərbəsini qaçırmasını ələ salan videonu dərc etdikdən sonra baş vermişdib. Daha sonra müvafiq video gecikmə ilə də olsa, silinmişdi. Ardınca Neapol klubu bəyanat yayaraq, Viktor Osimheni heç vaxt təhqir etmək və ya ələ salmaq niyyətində olmadığını təkidlə bəyan etmişdi.
Vurğulayaq ki, Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro qarşılığında “Lill”dən keçib. Hücumçunun “Napoli” ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Osimhen komandasının “vuran ayağı”dır. Nigeriyalı mərkəz hücumçusu geridə qalmış 2022/2023 mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub, “eşşəkciklər”in “skudetto”nun qazanmasında müstəsna xidmət göstərib. Cari mövsümdə isə Viktor 8 oyunda 5 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.
Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 27 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 24 yaşlı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.


