Viktor Osimhen “Napoli”ni məhkəməyə verməyə hazırlaşır

“Napoli”nin nigeriyalı mərkəz hücumçusu Viktor Osimhen Neapol klubunun rəhbərliyi ilə xoşagəlməz münasibətdədir.

Arena.az jurnalist Fabrisio Romanoya istinadən məlumat verir ki, Osimhen “Napoli”nin sosial şəbəkələrdə paylaşdığı yeni videodan narazı qalıb.

“Napoli”nin mətbuat xidməti tərəfindən paylaşılmış videoda Osimhenin İtaliya A Seriyasının 5-ci turu çərçivəsində “Bolonya” ilə səfər oyununda (0:0) qaçırdığı penalti yumoristik səpgidə təqdim edilib. Afrikalı ulduz müvafiq videonun onun simasına xələl gətirdiyini iddia edərək, Neapol klubunu məhkəməyə verə bilər.
Osimhenin nümayəndəsi Roberto Kalenda bu vəziyyəti şərh edərək, “Napoli”nin mətbuat xidməti tərəfindən belə davranışının yolverilməz olduğunu vurğulayıb:

“Napoli”nin sosial şəbəkələrində baş verənlər qəbuledilməzdir. Viktoru ələ salan video əvvəlcə ictimailəşdirilib, sonra isə gecikmə ilə silinib. Biz Viktoru qorumaq üçün məhkəməyə və ixtiyari faydalı təşəbbüsə başlamaq hüququnu özümüzdə saxlayırıq”, deyə Kalenda bildirib.

Eyni zamanda Osimhenin özü “Napoli” ilə yollarının ayrılacağı haqda düşünməyə əsas verən addımı ilə gündəmə gəlib.

Nigeriyalı ulduz “Napoli”dəki karyerasına aid fotoşəkillərin əksəriyyətini sosial media səhifəsindən silib. Amma Viktor yığma komanda və əvvəlki klublarla əlaqəli şəkilləri saxlayıb.

Xatırladaq ki, daha əvvəl Osimhen komandanın baş məşqçisi Rudi Qarsiya ilə xoşagəlməz münaqişə yaşamışdı. “Bolonya” ilə oyunun (0:0) son dəqiqələrində əvəzlənmiş Osimhen, meydanı əsəbi şəkildə tərk etmiş, paltardəyişmə otağında mərəkə qopararaq, məşqçi ilə taktiki mövzuda çılğıncasına mübahisəyə girişmişdi. Osimhen fransız mütəxəssisdən niyə iki hücumçu ilə oynamağa keçmədiyinin haqq-hesabını çəkməyə qalxmış, sonradan çılğınlığına görə Rudi Qarsiya başda olmaqla, bütün komandadan üzr istəmişdi.

Vurğulayaq ki, Viktor Osimhen komandasının “vuran ayağı”dır. Nigeriyalı mərkəz hücumçusu geridə qalmış 2022/2023 mövsümündə 26 qolla A Seriyasının ən sərrast futbolçusu olub, “eşşəkciklər”in “skudetto”nun qazanmasında müstəsna xidmət göstərib. Cari mövsümdə isə Viktor 6 oyunda 3 qol, 1 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı 24 yaşlı Viktor Osimheni 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: