Viktor Osimhen Xviça Kvaratsxeliyanın agentini təhqir etdi

“Napoli”nin hücumçusu Viktor Osimhen ilə gürcü futbolçu Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeli arasında münaqişə yaranıb.

Arena.az xəbər verir ki, bu barədə “Football Italia” dərgisi məlumat yayıb.

Belə ki, A Seriyasında bərbad çıxışı mənzərəsində cari İtaliya çempionunun düşərgəsində xoşagəlməz əhvalat baş verib. “Napoli”nin gürcü vingeri Xviça Kvaratsxeliyanın agenti Mamuka Cuqeli komandanın nigeriyalı mərkəz hücumçusu Viktor Osimhenin gələcək karyerası ilə bağlı iddia irəli sürüb:

“Bəli, Viktor “Napoli” ilə müqaviləsini yenilədi. Bəs siz doğrudanmı onun bu komandada uzun müddət qalacağını düşünürsünüz? Mən indidən sizə deyə bilərəm ki, yayda Osimhen Səudiyyə Ərəbistanı çempionatının klublarından birinə keçəcək. “Napoli” onun maaşını əhəmiyyətli dərəcədə artırdı, amma bu, hələ də klubun belə bir hücumçunu saxlamasına kömək etməyəcək”, deyə Cuqeli iddia edib.

Bunun müqabilində Osimhen Cuqeliyə kobud surətdə cavab ünvanlayıb:

“Əziz Mamuka Cuqeli, sən bir murdar və biabırçısan. Mən sənin düşüncəndən xəcalət çəkirəm. Gicbəsər! Mənim adımı ağzından at!” – Osimhen özünün sosial şəbəkə hesabı üzərindən hekayə paylaşıb.

Viktor Osimhen “Napoli”yə 2020-ci ilin sentyabrında 75 milyon avro müqabilində “Lill”dən keçib. Nigeriyalı hücumçunun Neapol klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Osimhen “Napoli”nin heyətində bütün yarışlarda 18 oyuna çıxıb, 8 qol vurub, 3 məhsuldar ötürmə verib. Nigeriyalı hücumçunun Neapol komandasının heyətində çıxışının ümumi mənzərəsi belədir: 119 oyun, 67 qol, 17 məhsuldar ötürmə.
Osimhen “Napoli” ilə geridə qalmış 2022/2023 mövsümündə İtaliya A Seriyasının qalibi olub. Həmçinin nigeriyalı hücumçu həmin mövsümdə 26 qolla yarışın ən sərrast futbolçusu və mövsümün oyunçusu olub.

Osimhen 2017-ci ilin iyununda debüt etdiyi Nigeriya yığmasının heyətində 28 oyuna çıxıb, 20 qol vurub, 8 məhsuldar ötürmə verib. Osimhem Nigeriyanın U-17 yığası ilə 2015 Dünya Kubokunun, U-23 yığması ilə 2015 Afrika Kubokunun qalibi olub.

“Transfermarkt” internet-portalı 25 yaşlı nigeriyalı mərkəz hücumçusunun transfer dəyərini 120 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: