Vilfrid Zaha rəsmən “Qalatasaray”da!

Türkiyə çempionu “Qalatasaray” transferini hələ bir neçə gün öncə açıqladığı sağ cinah vingeri Vilfrid Zaha ilə rəsmi müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

“Kristal Pelas”dan transfer olunmuş 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. O, hər mövsüm üçün 4 milyon 350 min avro maaş alacaq. Bundan əlavə o, azad agent kimi bu kluba gəldiyi üçün 2 milyon 330 min avro imza pulu da alıb. Zaha “Qalatasaray”da 14 nömrəli formanı geyinəcək.

Vilfrid Zaha “Kristal Pelas”ın yetirməsidir. Fil Dişi Sahilindən olan 30 yaşlı vinger müəyyən fasilələrlə bu komandada 458 oyun keçirib, 90 qol vurub, 76 məhsuldar ötürmə müəllifi olub. O, bir müddət “Kardiff Siti” və “Mançester Yunayted”də də çıxış edib. Vaxtilə İngiltərə yığmasında da oynamış futbolçu 2017-ci ildən formasını geyindiyi Fil Dişi Sahili yığmasında 31 oyuna 5 qol vurub.

Yeri gəlmişkən, “Qalatasaray” mərkəz yarımmüdafiəçisi Taylan Antalyalını da icarəyə göndərib. 28 yaşlı futbolçu Super Liqanın yeni iştirakçısı “Samsunspor”a keçib. Bu barədə Samsun təmsilçisinin baş məşqçisi Hüseyin Eroğlu yerli mətbuata açıqlamasında bildirib. Onun sözlərinə görə, Taylan qarşıdakı mövsümün sonuna kimi icarə əsasında “Samsunspor”un uğurları üçün çalışcaq.

Taylan Antalyalı 2019-cu ildən “Qalatasaray”da forma geyinir. O, bu komandada 102 oyuna çıxıb, 2 qol və 8 məhsuldar ötürmə müəllifi olub. Yarımmüdafiəçi ötən mövsümü də “Ankaragücü” klubunda icarədə keçirmişdi. Türkiyə millisində 9 oyun keçirmiş futbolçu “Ərzurumspor”, “Buca Geliştirme Spor”, “Hacettepe”, “Kayseri Ərciyəsspor” və “Gənclərbirliyi” klublarının da formasını geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: