İspaniya La Liqasının “Valensiya” ilə 30-cu tur ev oyunu “qaymaqlılar”ın braziliyalı ulduz hücumçusu Vinisius Junior üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “Real”ın 1:2 hesablı məğlubiyyətinə, “Vini”nin bu oyunda penaltini qola çevirə bilməməsinə (qapıçı) rəğmən, braziliyalı ulduz qol vura bilib və bununla da Madrid klubunda rekorda imza atıb.
Belə ki, Vinisius Junior “Real”ın tarixində ən sərrast braziliyalı qolçu adına sahib, dünya futbolunun əfsanəsi Ronaldonun rekorduna şərik olub. “Real” üçün bütün yarışlar çərçivəsində 307 oyuna çıxmış “Vini” 104-cü dəfə rəqib qapılarını “dələrək”, “Yekədiş”lə bərabərləşib. Ronaldo “Real” üçün 104 qolunu 177 oyunda vurub. Göründüyü kimi, indi Vinisius Junior “Real”ın ən sərrast braziliyalı futbolçusu olmağın bircə addımlığındadır.
Oyundan sonra “Vini” bu uğurunu şərh edib:
“Mənim üçün xüsusi bir gündür – mənim kumirim Ronaldonun müvvəfəq olduğu rəqəmələrə çatmaq. Mən hələ uşaq ikən “Real”a keçəndə, o, mənə öz məqsədinə doğru necə getmək gərək olduğunu göstərmişdi. Deyimlərin və dəstəyin üçün sağ ol, Müəmma!
Oyun isə pis alındı. Bilirik ki, təkmilləşməliyik. Ancaq bilin ki, biz “Real”da heç vaxt təslim olmuruq”, – Vinisius özünün sosial şəbəkə hesabı üzərindən paylaşıb.
Vinisius Junior “Flamenqo”nun yetirməsidir. Braziliyalı cinah hücumçusu “Real”a 2018-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində elə, “Flamenqo”dan keçib.
Vinisiusun İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə “Vini” madridlilərin heyətində 42 oyuna çıxıb, 19 qol və 14 məhsuldar ötürmə ilə fərqlənib.
Vinisiusun “Real”da çıxışının ümumi mənzərəsi 307 oyun, 104 qol, 77 məhsuldar ötürmədən ibarətdir.
“Vini” “qaymaqlılar”la İspaniya La Liqasının (2019/2020, 2021/2022, 2023/2024), İspaniya Kral Kubokunun (2022/2023), İspaniya Super Kubokunun (2019/2020, 2021/2022, 2023/2024), Çempionlar Liqasının (2021/2022, 2023/2024), UEFA Super Kubokunun (2022/2023, 2024/2025), FIFA Klub Dünya Kubokunun (2019, 2023), FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.
Vinisius Junior 2019-cu ilin sentyabr ayında debüt etdiyi Braziliya milli komandasının heyətində 39 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə verib. Vinisius Braziliyanın U-15, U-17 komandaları ilə Cənubiamerikan Çempionatının qalibi olub.
“Transfermarkt” 24 yaşlı braziliyalı cinah hücumçusunun transfer dəyərini 200 milyon avro məbləğində qiymətləndirir.


