Futbol üzrə Braziliya millisinin və Madrid “Real”ının cinah hücumçusu Vinisius Junior “Qızıl top” mərasimi üçün Parisə yollanmayıb.
Arena.az xəbər verir ki, Madrid klubunun rəhbərliyi Vinisiusun mükafatı qazana bilməyəcəyini öyrənib.
Bu üzdən də “Real” tədbirdə iştirak etməmək qərarına gəlib. Belə ki, Parisdə keçiriləcək “Qızıl top” mərasiminə “Real”ın heç bir təmsilçisi qatılmayacaq. Vinisius Juniorla yanaşı, klub prezidenti Florentino Peres, komandanın italyan baş məşqçisi Karlo Ançelotti də Fransa paytaxtına buyurmayıblar.
Tədbiri boykot etmək qərarı “qaymaqlılar”ın braziliyalı cinah hücumçusu Vinisius Junior”un “Qızıl top”u ala bilməyəcəyi ilə bağlıdır.
Yeri gəlmişkən, “Qızıl top”un qalibinin “Mançester Siti”nin və İspaniya yığmasının dayaq yarımmüdafiəçisi Rodri olacağı ilə bağlı məlumat yayılıb.
Braziliya millisinin və “Real”ın cinah hücumçusu Vinisius Juniorun ətrafındakılar futbolçunun “Qızıl top”dan məhrum olduğuna əmindirlər. İnsayderlərin ilkin xəbərlərində futbolda əsas fərdi mükafata məhz Vinisiusun gerçək namizəd təqdim edilməsinə rəğmən, indi “Mançester Siti”nin və İspaniya yığmasının dayaq yarımmüdafiəçisi Rodrinin braziliyalı futbolçunu səsvermədə qabaqladığı bildirilir.
Rodri bu gün, oktyabrın 28-də “Qızıl top”un təqdimetmə mərasiminin keçiriləcəyi Parisə gəlib. Zədəli futbolçu oteldə qoltuqağacları ilə gözə dəyib.
Son məlumatlara görə, Rodri bugünkü tədbirdə “Qızıl top”un qalibi elan ediləcək. Vinisius Junior bu siyahıda 2-ci olub. “Real”ın digər futbolçusu, İngiltərə yığmasının da üzvü olan Cud Bellingem isə yenə 3-cü yeri tutub.
“Qızıl top”un təqdimetmə mərasimi bu gün Parisdə keçiriləcək və Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.


